Son ümid: dondurulan sperma və yumurta hüceyrələri - REPORTAJ

Son ümid: dondurulan sperma və yumurta hüceyrələri - REPORTAJ
11:29 9 İyun 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

Gördüyünüz bu cihazlar "Azot (Embrion) Tankı" adlanır. Bu "tank"ların hər birində 1500-ə yaxın insanın embrionları, sperması, yumurta hüceyrələri dondurularaq saxlanılır. 
 
Ölkəmizdə embrionların və kişi sperma hüceyrələrinin dondurularaq saxlanılması uzun müddətdir həyata keçirilsə də, qadın yumurta hüceyrələrinin saxlanılması demək olar ki, yeni bir prosedurdur.
 
Gördüyünüz bu tanklarda yalnız embrionlar deyil, qadın və kişiyə məxsus dondurulmuş hüceyrələr saxlanılır. Bu da gələcəkdə ana və ata olmaq istəyənlərin arzularını reallaşdırır.
 
Mərkəzi Klinik Xəstəxananın embrioloqu İlyas Karayaka deyir ki, bəzi xəstələr evlənməyi düşünmür, "hüceyrəm olsun, sonra uşaq olar" deyir: "Gəncəm deyir, həyatımı yaşamaq istəyirəm, evlənmək istəmirəm. Bəziləri var, deyir karyera quracağam. Qadınlar karyera qurduqları üçün evlənməyi gecikdirirlər. Əgər qadınlar 38-40 yaşında gəlsələr, yumurtaları da artıq işə yaramaz hala gəlir. Biz nə edirik? Qadın 25-30 yaşlarında gəlir, bunun yumurta hüceyrələrini dondurub saxlayırıq. 40-45 yaşında evləndiyi zaman o yumurtaları həyat yoldaşının sperması ilə birləşdirib ona köçürdüyümüz zaman sağlam uşaq əldə edə bilirik. Biz 35 yaşından əvvəl gəlsin istəyirik. Qadının yaşı nə qədər artarsa, yumurtanın keyfiyyəti o qədər itir". 
 
Mütəxəssisin sözlərinə görə, qadınlardan daha çox kişilər öz sperma hüceyrələrini donduraraq saxlayır. Bu, daha çox cinsi yolla yayılan xəstəliklərə görədir: "Kişilər öz hüceyrələrini daha çox saxlayır. Cinsi yollarla yayılan çox xəstəlik var. Bəziləri gəlib deyir ki, mən indi sağlamam sperma hüceyrəmi saxlayım.  Hər cür xəstə var. Bəzi xəstələr var ki, əvvəllər sperma sayı milyon ikən indi azalıb. Varikozdan əməliyyat etdirən xəstələr var ki, əməliyyatdan əvvəl gəlir dondurur. işini qarantiya alır. Çünki əməliyyatdan sonra oradan sperma çıxmaya bilər. Yaxud da xayasında pis xəstəlik var, o müalicə almadan öncə gəlir dondurur".
 
Hepatit C və xərçəng kimi bəzi xəstəliklərin müalicəsi hüceyrələrin yararlılıq qabiliyyətini aşağı saldığı üçün xəstələr müalicədən əvvəl müraciət edərək hüceyrələrini dondururlar: "Dərmanları, kimyaterapiyanı görmədən öncə qadınların, ya da kişilərin  spermasını, yumurta hüceyrələrini dondururuq. Çünki o dərmanlar hüceyrələrə zərər verir. Təxminən 8 nəfər kişi, 1-i qadın olmaqla belə xəstəmiz var ki, hüceyrələrini dondurub. Bunlar dərman almadan əvvəl dondurub saxlayırıq ki, gələcəkdə xəstəliyi keçərsə, hüceyrələrdən istifadə edəcəyik, uşaq sahibi olacaqlar".
 
Bundan başqa, süni mayalanma etdirdikdən sonra artıq qalan embrionlar da dondurulub saxlanılır: "Qadın hüceyrəsinə yumurta deyirik, kişi hüceyrəsinə sperma hüceyrəsi deyirik. Embrion isə qadın hüceyrəsi ilə kişi hüceyrəsinin birləşməsindən əmələ gələn hüceyrələrdir. Süni mayalanmaya gələn qadından götürülmüş yumurtaların yalnız  ikisini köçürəcəyik, geri qalanını donduracağıq. O, ikinci uşağa gəldiyi zaman artıq ondan yumurta götürməyəcəyik. Hazır embrionları köçürəcəyik. Həm pulu daha az çıxacaq, həm də xəstə inciməyəcək".
 
Tanklarda saxlanılan bu hüceyrələr, embrionlar mənfi 198 dərəcədə dondurulur: "Hər şüşənin içində 6 xəstənin embrionu saxlanılır. Bunun digəri ilə qarışması qeyri-mümkündür. Qanunla 3 il saxlamaq mümkündür. Amma xəstə istərsə, bunu 10 ilə yaxın saxlaya bilər".
 
Əgər şəxs  müddəti uzatmaq istəyirsə, o zaman əlavə pul ödəməklə bunu həyata keçirə bilər. Qiymətlərə gəldikdə isə süni mayalanma etdirən xəstələrin embrionlarını 3 il müddətində xəstəxana pulsuz saxlayır. Amma 3 ildən sonra il ərzində 250 manat ödəməklə müddəti uzatmaq olar. Yumurta və sperma hüceyrələrinin saxlanması isə o qədər də ucuz deyil: "Süni mayalanma etdirdiyinə görə xəstənin embrionunu 3 il xəstəxana özü saxlayır. Amma 3 ildən sonra xəstə embrionunu saxlamaq istəyərsə, illik 250 manatdır. Yumurta dondurmaya gələn xəstələr üçün qiymət artıqdır. Onun yumurtasını alıb dondurmaq və üç il saxlamağın qiyməti təxminən 3000-3500 manatdır. Üç ildən sonra yenidən 250 manat verməklə uzatmaq mümkündür".
 
Mütəxəssis qeyd edib ki, Azərbaycanda süni mayalanma etdirənlərin sayı artıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276562

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR