Hər il dünyada 2 milyondan çox insan hepatitdən ölür

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada Hepatit B Virusundan 2 milyondan yuxarı insan ölür.

Metbuat.az xəbər verir ki, proqnoza əsasən, yaxın 10-20 ildə hepatitlər üzündən qaraciyər serrozu 60 faiz, qaraciyər xərçəngi 68 faiz, qaraciyər mənşəli digər xəstəliklərdən ölüm halları isə iki dəfə artacaq.

Azərbaycanda 2000-ci ildə hepatitli viruslara yoluxmuş 2381 insan olubsa, bu rəqəm 2009-cu ildə 1861, 2011-də 780, 2012-də 665, 2013-cü ildə 524, 2014-cü ildə 514, 2015-ci ildə isə 329 nəfər təşkil edib.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2016-cı ildə ölkə üzrə virus hepatitləri ilə qeydə alınan xəstələrin sayı 319 nəfər təşkil edib. Onlardan 126-da kəskin hepatit B, 120-də isə kəskin hepatit C aşkarlanıb. Ümumilikdə xəstələrdən 112-si qadınlar olub.

Xəstəliyin ən təhlükəli növü Hepatit C-dir.

Həkim qastroenteroloq-hepatoloq Müslüm Nursoy Metbuat.az-a açıqlamasında deyib:

“Hepatit C eyni adlı virusun orqanizmdə törətdiyi qaraciyər xəstəliyidir. Xəstəlik bir neçə həftə davam edə, tam sağalma ilə sonlana bilər. Lakin xronikiləşərək ömür boyu davam edib, ağır qaraciyər xəstəliklərinə də yol aça bilə”r.

Hepatit insana necə yoluxur?

Həkimin sözlərinə görə, digər bədən mayeləri və ya cinsi əlaqə zamanı yoluxma riski olsa da, çox aşağıdır. Gündəlik həyatımızda qarşılaşdığımız diş həkimi kabinetləri, gözəllik salonları, ginekoloji müayinə zamanı yoluxmaq mümkündür. Sosial münasibətlər zamanı yoluxma riski isə azdır.

Hepatitin müalicəsi mümkündür?

Həkim Müslüm Nursoy deyib ki, Hepatit C tam müalicəsi olan bir xəstəlikdir. Son iki ildə kəşf edilən yeni antiviral preparatlarla virusu orqanizimdən tamamilə atmaq və tam sağalmaq mümkündür. Xəstəliyin müalicəsi bütün dünyada olduğu kimi, ölkəmizdə də böyük uğurla həyata keçirilir. Önəmli olan əsas məqam insanların vaxtında müayinələrdən keçməsi və virus aşkarlanan xəstələrin gecikmədən müalicə olunmasıdır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR