ABŞ-nin “Veradermics” şirkəti kişilərdə androgenetik alopesiya kimi tanınan saç tökülməsinə qarşı hazırladığı dərmanın III mərhələ klinik sınaqlarında müsbət nəticələr əldə etdiyini açıqlayıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də 45 tibb mərkəzində 536 kişinin iştirakı ilə aparılan araşdırmada “VDPHL01” adlı həbin altı aylıq istifadəsindən sonra saç sayında əhəmiyyətli artım qeydə alınıb.

Nəticələrə görə, dərmanı gündə bir dəfə qəbul edənlərdə hədəf nahiyədə orta hesabla 28,6, gündə iki dəfə qəbul edənlərdə isə 36,4 əlavə qalın və ya qalınlaşmağa yaxın saç teli müşahidə olunub. İştirakçıların təxminən 70%-i gündə iki dəfə istifadə edilən müalicə zamanı saç örtüyündə yaxşılaşma hiss etdiyini bildirib.

“VDPHL01” saç tökülməsinə qarşı istifadə olunan minoksidilin ağızdan qəbul edilən, təsiredici maddəni tədricən buraxmaq üçün hazırlanmış formasıdır. Şirkət bu texnologiyanın preparatın dözümlülüyünü yaxşılaşdıra biləcəyini düşünür.

Sınaqlarda müalicə ilə əlaqəli ciddi əlavə təsir qeydə alınmadığı bildirilsə də, bəzi iştirakçılarda arzuolunmaz nahiyələrdə tüklənmə və ətraflarda şişkinlik müşahidə olunub. Tədqiqatın altı aylıq nəticələri preparatın uzunmüddətli təhlükəsizliyini tam qiymətləndirmək üçün kifayət deyil.

Qeyd edək ki, “VDPHL01” hələ ABŞ Qida və Dərman Administrasiyasından (FDA) təsdiq almayıb. Preparatın satışa çıxarılması üçün klinik məlumatlar tənzimləyici qurumlar tərəfindən qiymətləndirilməlidir. Şirkət qadınlarda saç tökülməsinə qarşı preparatın effektivliyini araşdıran ayrıca klinik sınaq da aparır.