Azərbaycan Mərkəzi Bankı (AMB) xarici bankların ölkə bazarına daxil olmasında maraqlıdır və bu prosesi dəstəkləyir.

Metbuat.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bankın xarici bankların Azərbaycana gəlməsində maraqlı olmadığı barədə fikirlər yanlışdır. Əksinə, xarici bankların ölkəyə gəlməsi maliyyə sektorunun inkişafına müsbət təsir göstərə bilər.

T. Kazımov qeyd edib ki, xarici bankların iştirakı insan kapitalının inkişafına, informasiya texnologiyalarının daha geniş tətbiqinə və sektorda rəqabətin güclənməsinə töhfə verəcək.

AMB sədri vurğulayıb ki, Azərbaycanın milli maraqlarının qorunması şərtilə xarici iştirakın yalnız bank sektorunda deyil, kapital bazarında və sığorta sahəsində də genişlənməsinə müsbət yanaşırlar.

Onun sözlərinə görə, əsas məqsədlərdən biri Azərbaycanın maliyyə sektorunu xarici investor və tərəfdaşlara daha yaxından tanıtmaqdır. Bu istiqamətdə maraqlı tərəfləri ölkəyə dəvət etmək və yerli maliyyə bazarının imkanları barədə məlumatlandırmaq nəzərdə tutulur.