Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti ildə də bank sektorunda konsolidasiya proseslərini dəstəkləyəcək.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bankların konsolidasiyası maliyyə sektorunda səmərəliliyin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

“Biz növbəti ildə də bankların konsolidasiyasını dəstəkləyəcəyik. Əgər iki bankın birləşməsi nəticəsində daha güclü maliyyə institutu yaranırsa, biz bunu dəstəkləyirik”, - deyə AMB sədri vurğulayıb.

Taleh Kazımov qeyd edib ki, bu cür birləşmələr bankların fəaliyyətinin səmərəliliyinin artırılmasına və maliyyə sektorunda daha güclü institutların formalaşmasına xidmət edə bilər.