Böyük Britaniyada seçkilər: Tereza Mey öz qapısına qol vurdu

Böyük Britaniyada seçkilər: Tereza Mey öz qapısına qol vurdu
17:17 9 İyun 2017
44 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ "Böyük Britaniyada keçirilən növbədənkənar seçkilərin nəticələri Birləşmiş Krallığın qeyri-müəyyənlik dövrünə qədəm qoyduğunu göstərir".
"Report" xəbər verir ki, bunu rusiyalı siyasi analitik Pavel Klaçkov Böyük Britaniyada keçirilmiş parlament seçkilərinin nəticələrini şərh edərkən deyib.
"Böyük Britaniyanın baş naziri Tereza Meyin fiaskoya uğraması fikri ilə razı deyiləm. Mənə elə gəlir ki, heç bir faciə yaşanmayıb. Onsuz da partiya (mühafizəkarlar - red) kifayət qədər nüfuza malikdir, daha çox səs toplayıb", - P.Klaçkov bildirib.
Onun sözlərinə görə, partiyanın planlaşdırdıqlarının həyata keçməməsi başqa mövzudur. "Partiya mövqelərini gücləndirmək, bununla da Avropa İttifaqına cəsarətlə, açıq-aydın, sərt şəkildə təzyiq göstərmək istəyirdi. Futbolçulardan birinin dediyi kimi, Tereza Mey qolu öz qapısına vurdu", - deyə o vurğulayıb.
Ekspertin fikrincə, seçkilərin nəticəsi olaraq Böyük Britaniya qeyri-müəyyənlik dövrünə daxil olacaq.
Mühafizəkarların seçkilərdə qismən məğlub olmasının səbəbləri haqqında danışan ekspert bunun bir neçə, o cümlədən Tereza Meyin çox da uğurlu olmayan seçki kampaniyası aparması kimi səbəbinin olduğunu bildirib.
Onun sosial xərclər üzrə mövqeyinə görə, mühafizəkarları "mərhəmətsiz partiya" adlandırırdılar. Ceremi Korbin (Böyük Britaniyanın Leyboristlər Partiyasının rəhbəri - red.) isə bu məsələdə çox yaxşı davrandı. O, bu məsələni əvvəldən tənqid edərək Tereza Meyə aman vermədi", - P.Klaçkov əlavə edib.
Ekspert hesab edir ki, Mançester və Londonda baş verən son terror aktları da Meyin partiyasına seçkilərdə təsir edir: "Çünki məhz o, polislərin sayının azaldılmasını istəmişdi. Başqa sözlə, təhlükəsizlik problemi seçkilərin taleyinə təsir edib".
Növbədənkənar seçkilərin "Brexit"ə təsiri barədə danışan siyasi analitik vurğulayıb ki, mühafizəkarların təsir qüvvəsinin azalması fonunda Aİ ilə "yumşaq boşanma" mümkündür, sadəcə, bunun hansı yollarla və hansı sürətlə olacağı bilinmir.
"Xarici siyasətdəki bu manevretmə müəyyən xaosa səbəb olacaq və bu xaos iqtisadiyyata da toxuna bilər. Bu isə Britaniya şirkətlərinə və iş adamlarına heç sərf eləmir", - o bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/boyuk-britaniyada-seckiler-tereza-mey-oz-qapisina-qol-vurdu-rey

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR