Uşaq əməyini istismar etməyək!

12 iyun Ümumdünya Uşaq Əməyinin İstismarına Qarşı Mübarizə Günüdür.

Metbuat.az xəbər verir ki, 2002-ci ildə Beynəlxalq Əmək Təşkilatı (BƏT) 12 iyunu Ümumdünya Uşaq Əməyinin İstismarına Qarşı Mübarizə Günü kimi elan edib. Uşaq əməyinin istismar edilməsinə qarşı cəmiyyətdə etirazlar əvvəllki illərdə də mövcud olub.

Məsələn, XX əsrin sonlarında Oslo (Norveç) və Amsterdamda keçirilən beynəlxalq konfranslar məhz uşaq əməyinin ağır formalarda istismarı məsələlərinə həsr edilib. Bu fəaliyyətlər uşaq əməyinin istismarının aradan qaldırılması istiqamətində ictimaiyyətin diqqətini çəkməyə başlayıb.

Azərbaycan 2003-cü ildə Beynəlxalq Əmək Təşkilatının (BƏT) 38-ci konvensiyasına qoşulub. Konvensiya uşaqların əməyə cəlb edilməsinin yaş həddini müəyyənləşdirir. Göstərilir ki, 15 yaşınadək uşaqlar əməyə cəlb edilməməlidir. Bu, onların təhsilinə və sağlamlığına təsir etdiyinə görə qadağandır. Bu yaşdan sonra isə uşaq əməyindən istifadə edilə bilər. Amma bu da qanun çərçivəsində olmalıdır. Burada müəyyən hədlər qoyulur.

Məsələn, uşaq 4 saatdan artıq işləməməlidir, ağır şeylər qaldırmamalıdır və s. Konvensiyada qanunu pozanların məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR