Müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun - Silahlı Qüvvələr Günü və Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Publika.az-ın xəbərinə görə, təbrikdə deyilir:
"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi 26 iyun - Silahlı Qüvvələr Günü və müqəddəs Ramazan bayramı
münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli
xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
İnsanlara mənəvi paklıq, təmizlik, mərhəmət, halallıq kimi ən
yüksək əxlaqi hisslər aşılayan Ramazan bayramının yüksək səviyyədə
qeyd olunması xalqımızın milli-mənəvi dəyərlərə verdiyi böyük
dəyərin bariz nümunəsidir.
Silahlı Qüvvələrimiz 99-cu ildönümünü böyük ruh yüksəkliyi ilə,
döyüş və mənəvi-psixoloji hazırlıqda qazandığı nailiyyətlərlə qeyd
edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin digər sahələrlə
yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət Möhtərəm
Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam
etdirilir.
Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun
peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycanın əsgər, gizir və
zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər.
Bizim bütün hərbi hissələrimizdə, xüsusilə də cəbhədə yerləşən
hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin
vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Azərbaycan
Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir.
İstənilən iqlim şəraitində keçirilən genişmiqyaslı taktiki
təlimlərdə şəxsi heyət öz peşəkarlığını, yüksək döyüş qabiliyyətini
nümayiş etdirir, Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla
yerinə yetirir. Xalq öz ordusuna inanır, gücünə güvənir. Şəhid
ailələri, müharibə veteran və əlilləri, eləcə də hər bir hərbi
qulluqçu ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə
olunub. İnanıram ki, bu sizi sevindirməklə yanaşı, məsuliyyətinizi
daha da artırır.
Ordumuz əvvəllər olduğu kimi 2016-cı ilin aprel ayında da düşmən
təxribatlarının qarşısını layiqincə aldı. Azərbaycan əsgəri doğma
torpaqlarını azad etməyə qadir olduğunu, Vətən uğrunda son damla
qanınadək vuruşmağı bacardığını və düşməndən üstün olduğunu bütün
dünyaya sübut etdi.
Bu əziz gündə şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad
edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda
sağlamlıqlarını itirən döyüşçülərimizi, veteranları bayram
münasibətilə təbrik edir, onlara cansağlığı, xoşbəxtlik, ailə
səadəti və uğurlar arzulayıram.
Əmin olduğumu bildirirəm ki, Azərbaycan Ordusunun şəxsi heyəti
bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə
doğruldacaq, hərbi intizamını artıracaq, döyüş və mənəvi-psixoloji
hazırlığını yüksəldəcək, qazandığı uğur və nailiyyətlərlə xalqımızı
sevindirəcək və tezliklə işğal altında olan əzəli və əbədi
torpaqlarımızın azad edilməsinə nail olacaqdır.
Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli
xidmətinizdə müvəffəqiyyətlər arzulayıram.