Kişiləri və qadınları valeh edən Paris gözəli - dövrün ən arzuolunan kurtizankası

Kişiləri və qadınları valeh edən Paris gözəli - dövrün ən arzuolunan kurtizankası
12:23 28 İyun 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

Ötən əsrin əvvəllərinin Avropa insanının həyat tərzini incələmək üçün ayrı-ayrı məşhur fərdlər haqqında tarixi sənədlərə baxmağa ehtiyac yaranır. Adətən hər hansı dövrün siyasi, iqtisadi tərəfi daha ətraflı yayılmış olur. Amma sadə məişət haqqında məlumatımız bol deyil.

Publika.az bu baxımdan, zaman-zaman tarixin incə vərəqlərini oxuculara çatdırmağa çalışır və bu yazıda 19-cu əsrdə Parisdə kurtizankaların nə qədər önəm daşıdığını nəzərinizə çatdırır.

XIX əsrin axırları XX əsrin əvvəllərini “Gözəl dövr” adlandırırlar. O zaman gözəlçə-aktyorlar kütləni öz təsir altına ala bildilər. Onların çoxu xüsusi istedada malik deyildilər, amma öz qondarma, eqzotik tərcümeyi-halları, ekssentrik davranışları ilə insanları cəlb edirdilər. Onların əksəriyyəti öz havadarlarını tapırdılar və ehtiyacsız həyat sürürdülər. Həmin dövrün ən məşhur xanımı Liana de Puji hesab olunur. Məşhur kurtizanka öz seksual fantaziyaları, cazibədarlığı ilə təkcə kişiləri deyil, həm də qadınları valeh edirdi.

Əsl adı Anna-Mari de Şassen olan bu əsrarəngiz qadın hərbçi ailəsində anadan olub. Ailəsi onu tərbiyə alması üçün qadın monastırına yerləşdirir. 16 yaşı tamam olanda, o, zabit Armand Purpe ilə qoşulub qaçır və bundan az sonra anlayır ki, hamilədir. Sevgilisi onunla evlənməyə razılıq verir, amma kəbin cütlüyə xoşbəxtlik gətirmir. Armand tez-tez gənc arvadını döyür, yeni doğulmuş körpəni isə Sues şəhərinə, nənəsinin yanına yollayırlar. Anna-Mari özü isə Parisə qaçır.

İlkin mərhələ paytaxtı fəth etmək istəyən qıza xeyli ağır olurdu. Xoşbəxtlikdən, o zaman Parisin məşhur kurtizankası Valtes de la Pin ilə tanış olur. O, ən qədim sənətin bütün incəliklərini Anna-Mariyə öyrətməyə razılaşır Tezliklə sevgililərindən biri onun "Foli-Berjer" klubuna işə düzəlməyinə kömək edir və elə həmin ərəfədə Anna-Mari de Şassen adını daha nəcib Liana de Puji ilə əvəzləyir.

Liana tədricən dövrün ən istəkli xanımlarından birinə çevrilir. Qeyd etmək lazımdır ki, digər kurtizankaların üstünlük verdiyi dəbdəbəli paltarlardan fərqli olaraq, Liana de Puji sadəliyi, təbiiliyi seçirdi. O, çox az kosmetika istifadə edir, ciddi qızıl-zinət əşyaları daşıyırdı. Buna görə kurtizanka "Solğun qızılğül" ləqəbini almışdı.

Onun əsas rəqiblərindən biri Karolina Otero idi. O, geyimlərində və aksessuarlarında qışqıran dəbdəbəni çox sevirdi. Buna görə onun da adını "Qırmızı qızılgül" qoymuşdular. Parisin o dövr ən məşhur iki “qızılgülü"nün ilk dueli 1897-ci ilə təsadüf etdi. Hər iki qadın Paris restoranlarından birinə dəvət olunmuşdular. Toplaşanlar intizarla gözləyirdi: səhnəyə çıxıb aktyorluq məharətindən əlavə gözəlliyi ilə kim publikanı daha çox valeh edəcək. Karolina Otero qiymətli daş-qaşlarla bəzədilmiş, diqqət çəkən libasda səhnəyə çıxdı. Parisin əslzadələrinin toplaşdığı məkanda Liananın gəlişini gözləmək qalırdı.

“Solğun qızılgül” öz adətini pozmadı, o, səhnəyə adi, ağ paltarda və aksessuar əvəzinə yaxasına canlı qızılgül taxaraq çıxdı. Hiyləgər kurtizankanın arxasında isə onun qulluqçusu gəlirdi, hansı ki, bahalı paltarı, almazlarla, brilliyantlarla bəzənmişdi. Karolina Otero üçün bu şok olur, çünki publikanın xəfif bir gülümsəməsi onun qulluqçu ilə müqayisə olunması anlamını verirdi. Lianaın bu zəfəri Karolina Oteronun zalda əyləşən məşuqunun da Liana de Pujiyə meyllənməsi ilə nəticələndi.

Liana yalnız kişilərin deyil, həm də qadınların ağlını başından alırdı. Onun pərəstişkarları arasında rəssam xanım Matilda de Morni, xanım Markiz de Belbef də var idi. Eyni zamanda yazıçı Natali Barninin də Liana de Puji ilə parlaq roman yaşamasını Liana öz tərcümeyi-halında geniş təsvir edib.

Liana ilə Natali Barni bir ziyafətdə tanış olmuşdular. Baxmayaraq ki, Liananın xoşuna gəlmək üçün Fransanın bütün titullu kişiləri çalışırdılar, Natali Barni asanlıqla onu özünə heyran edə bilmişdi.

İllər keçirdi, kurtizanka başa düşürdü ki, onun gözəlliyi əbədi deyil, ona görə də, o, 1910-ci ildə rumın knyaz Georgi Gikunun evlilik təklifini düşünmədən qəbul edir. Artıq 40 yaşını haqlamış nəcib qadına “knyaz xanımı” titulu lazım idi, eyni zamanda yoxsullaşmış knyazın da pula ehtiyacı var idi. Bir-birini yaxşı anlayan cütlük birlikdə 16 il yaşadı. Nəhayət, knyaz qocalmış arvadı tərk edir və özünə daha gənc və gözəl qız tapır.

1928-ci ildə Liana de Puji monastıra üz tutur. Bir zamanlar kişiləri və qadınları dəli etmiş elit fahişənin indi dindar, yoxsullara yardım edən birisi kimi görməyə heç kəs alışmamışdı. Liana monastırda uzun ömür yaşadı və 1950-ci ildə dünyasını dəyişdi.

Zaur H.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/204187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR