TƏHLÜKƏ: Kondisioner bu xəstəlikləri yaradır

Yayın qızmar istisindən xilas olmaq üçün köməyimizə kondisioner gəlir. Ancaq məkanlarda və avtomobillərdə quraşdırılan kondisionerlərin yanlış istifadəsi sağlamlığımıza ziyan vurur.

Məsələ ilə bağlı tibbi ekspert Adil Qeybulla Metbuat.az-a açıqlamasında kondisionerdən istifadə zamanı bəzi şərtlərə əməl etməyin vacibliyini vurğulayıb: “Kondisionerin altında uzun müddət qalmaq məsləhət deyil. Mütəmadi olaraq onu söndürmək lazımdır ki, bədəndə daim soyuma getməsin. Otaqda kondisioner işləyirsə, havasını tez-tez dəyişin. Havada 30 dərəcə istilik varsa, kondisioneri 18 dərəcəyə qoymağın heç bir mənası yoxdur, çünki heç bir kondisioner otaq temperaturunu o səviyyəyə çatdıra bilmir. Normal iş şəraitində kondisionerin temperaturu 20-22 dərəcə olmalıdır. Cihazdan bütün gün istifadə etmək məsləhət deyil. Gecə yatanda isə kondisioneri söndürmək lazımdır”.

Həkim əlavə edib ki, kondisionerlən tərkibində xüsusilə də ventilyasiya olunan hava yollarında müxtəlif bakteriyalar mövcud olur və onlar mütəmadi olaraq havaya tullanır. Yaxşı olar ki, kondisionerlər hər il yuyulsun və xüsusi məhlullarla təmizlənsin.

Kondisionerlərdən yanlış istifadə hansı xəstəliklərə səbəb ola bilər?

Tibbi ekspert Adil Qeybulla: “Kondisioner işləyən otaqların havası tez-tez dəyişdirilməlidir, əks halda otaqda bakteriya və toz toplanır, bu, allergik xəstəliklərə, astma, nəfəs çatışmazlığına və s. səbəb olur".

Həkimin sözlərinə görə, legionelloz xəstəliyi (kondisioner xəstəliyi) yay aylarında insanların əsas probleminə çevrilir. Həkim qeyd edib ki, xəstəlik kondisionerlərin təmizlənməməsi nəticəsində yaranır. Təmizlənməmiş kondisionerlərdəki toz qatı havaya yayılandan sonra, onu udan insanın ağciyərlərində göbələk yaranır. İnsanda yüksək hərarət, halsızlıq, əzələ ağrıları, dərin nəfəs alma istəyi kimi əlamətlər yaradır. Xəstəliyin qripə bənzər cəhətləri olsa da, insandan insana keçmir.

Maşında istifadə edilən kondisioner isə bronxit, tənəffüs yolu, bəzi əzələ xəstəliklərinə, göz, beyin və badamcıq iltihabına səbəb olur.

Kondisionerin əmələ gətirdiyi xəstəliklərdən necə qoruna bilərik?

Tibbi ekspert deyib ki, hələ ki, kondisionerə heç bir alternativ olmadığı üçün ondan istifadə etməyə ehtiyac duyuruq. Ondan istifadə zamanı sadalanan şərtlərə əməl etməyiniz vacibdir. Əks halda, sağlamlığınızda ciddi fəsadlar yarana bilər.

Aysel Yaqubqızı / Metbuat.az

Plastik qabdan su içsək, zəhərlənərik? - EKSPERT RƏYİ - Oxumaq üçün tıklayın


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR