Bəs “Qarabağ” kimi sevir?

Bəs “Qarabağ” kimi sevir?
17:24 24 İyul 2017
62 Digər
Ölkə mətbuatı
A- A+

Avropa miqyaslı futbol turnirlərinin yeni mövsümü start götürüb. Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” uğurla başlayıb. Artıq neçə illərdir ki, “Qarabağ” informasiya cəbhəsində təkbaşına xeyli iş görür. Təkbaşına. Bəs niyə təkbaşına?

 

“Qarabağ”ın ilk oyunu Qarabağda qanlı hadisələrdən, Alıxanlıda iki yaşlı Zəhra və onun nənəsinin qətlindən sonraya təsadüf elədi. Klub bütün yazılmış və yazılmamış qaydalara riayət edərək UEFA-dan oyundan əvvəl 1 dəqiqəlik sükutla bu hadisənin anılmasını istədi. UEFA bu təklifi rədd etdi.

 

“Qarabağ”ın Azad Azarkeş Qrupu olan “İmarət” də boş dayanmadı. Üzərində ermənilər tərəfindən qətlə yetirilmiş Zəhranın şəkli olan pankart hazırladı. Bundan əvvəl də “İmarət” müxtəlif oyunlarda öz hisslərini belə pankartlar vasitəsi ilə izhar edib. Aprel döyüşlərindən sonra  Raquf Orucovun şəkli olan pankart çox müsbət qarşılanmışdı.

 

Ümumiyyətlə, “İmarət” nə klub tərəfindən, nə başqa bir mənbədən heç bir əlavə dəstək olmadan müxtəlif vətənpərvərlik layihələri həyata keçirir. Bu dəfə isə əksinə, “İmarət”ə kömək əvəzində ona mane oldular.

 

Zəhranın şəkli olan pankartın meydanda asılması yasaqlandı.

 

Əlbəttə, bu yasağı icra edən DİN əməkdaşlarının sadəcə öz vəzifələrini yerinə yetirdiyini anlamaq olar. Çünki oyundan əvvəl təhlükəsizliyə təminat verən bu qurum heç bir “ÇP” olmamasına da məsuldur. Amma Bakıya gələn UEFA təmsilçiləri Zəhranın şəkli olan pankart barədə onlar qarşısında heç bir tələb qoymamışdılar axı.

 

Bu pankartı açmaq və dərhal da yığışdırmaq olardı. Əgər bu məsələdə klub və DİN “İmarət”ə dəstək olsaydı. Birgə hərəkət etsəydi. Hərə öz başını salamat saxlamaq üçün bir kənara çəkilməsəydi. Bunu etmək çox asan idi. Simvolik olaraq “İmarət”dən kimisə cərimələmək də olardı. UEFA-ya göstərmək üçün. Amma bu ani görüntü informasiya savaşı dediyimiz reallıqda növbəti taktiki həmləmiz ola bilərdi. Həm də uğurlu həmləmiz.

 

Olmadı...

 

Amma təbii ki, bu, son deyildi. “Qarabağ” yoluna davam edir. Və bundan sonra da belə informasiya həmlələri üçün kombinasiyaların qurulmasına ehtiyac olacaq. Belə kombinasiyaların qurulmasında XİN və Diasporla İş üzrə Dövlət Komitəsi daha fəal olmalıdır. Amma onların “Qarabağ” ətrafında hansısa taktiki informasiya həmləsi planı varmı?

 

Yoxdur. Hələ ki, yoxdur. Ümid edək ki, olacaq.

 

Və sonda ­­hamımızın yaxşı bildiyi bir faktı xatırladaq. Ermənistanın “Eurovision-2016”dakı təmsilçisi İveta Mukuçyan birinci yarımfinal zamanı Dağlıq Qarabağın separatçı ermənilərinin bayrağını qaldırdı. Bu hadisə “Eurovision”un təşkilat komitəsi tərəfindən pislənildi. Hətta onun yarışdan çıxarılacağı barədə də fikirlər səsləndi. Amma o, sona qədər oxudu. Çünki İveta Mukuçyanın yarışdan çıxarılması onsuz da yer tuta bilməyəcək Ermənistan üçün informasiya savaşında daha çox uğurlu olardı.


İveta Mukuçyan o bayrağı elə-belə öz ağlının və qəlbinin hökmü ilə qaldırmamışdı. İveta Mukuçyanın o bayrağı qaldırması üçün Ermənistanın müvafiq strukturları, diasporu düşünülmüş bir əməliyyat planı qurmuşdular.   

 

Bayraq məsələsinin ardından təyyarə ilə “Qarabağ İvetanı sevir” şüarının nümayişi planın növbəti mərhələsi idi...
 

İndi Azərbaycanın Avropanın ən iri informasiya məkanlarından birinin qapılarını taybatay açmış “Qarabağ”ı var. Amma biz bu informasiya məkanına kənardan boylanırıq. Bəlkə içəri daxil olaq, axı bu, Qarabağ üçün lazımdır. Əmin olun ki, oraya daxil olmağın, orda necə davranmağın yollarını bilənlər var.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279869

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR