Ok

Ok
12:04 25 İyul 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

İndi yazılan məktublar keçmişdəki məktubların dadını vermir. Çünki indiki məktublar kağıza yazılmır, poçta atılmır, poçtalyon gətirmir. O vaxt yollarda dada gəlirdi, poçtalyonun əllində bişirdi məktublar.

 

Yadıma gəlir, “Azərbaycan pioneri” qəzetində bir şerim çıxmışdı, mənə beş min məktub gəlmişdi. Demək, beş min dostum vardı. Hamısına cavab yazmağa çalışırdım. O məktublar kənddəki evimizdə hələ də durur. Hamısının sonunda müxtəlif işarələr var, ya gül şəkli, ya da ürək. Özü də əllə çəkilmiş...

 

Bir dəfə, 80-ci illərin əvvəlində poçtalyon dedi ki, sənə lap iri bir məktub gəlib. Hələ indiyə kimi o boyda məktub görməmişəm. “Kommunist” qəzetindən. Muştuluğu var amma. Bir quzu verməsən, vermərəm. Atam bir quzu verib, məktubu aldı. İçində  barmaq boyda balaca bir kağız parçası  vardı. Üstünə “Şeirin zəif olduğu üçün dərc edə bilmədik. Hörmətlə, Əfqan Əsgərov. Şöbə müdiri” - sözləri yazılmışdı. O vaxt biz elə bilirdik ki, iri məktublar mənalı olur. Yenə də, nə yazılmasından asılı olmayaraq, o məktubu əzizləyirdim. Nəfəs vardı o məktubun içində.

 

Dəhşətli burasıdır ki, indi kəndimizin poçtalyonu yoxdur. Kəndə heç məktub gəlmir. Telefon, internet üzü gülümsər, zarafatcıl, pencəyi ilə şalvarı müxtəlif rənglərdə bərq vuran, hərdən axsayan, çantası, cibləri məktublarla dolu olan poçtalyonları güllələdi. Bəs Süleyman Rüstəmin “Ana və poçtalyon” şeiri necə olsun? Bir neçə onillikdən sonra yeni nəsil “poçtalyon” sözünün nə anlam verdiyini anlayacaqlarmı? Süleyman Rüstəm poçtalyonun amansız ölümündən xəbər tuta biləcəkmi? Ana oğlundan halı olacaq, indi o durub poçtalyonun yolunu aylarla gözləyəcəkmi?

 

Dörd ay vardı ananın gözləri yol çəkirdi,

Başqa bir dərdi yoxdur, dərdi poçtalyon dərdi.

 

İndi məktublar internetlə yazılır. Nə əl dəyir, nə nəfəs toxunur. Ağlasan belə, məktuba göz yaşların iz sala bilmir. Gecələr o məktubu  qoynuna qoyub yata bilmirsən, əlində  gəzdirmirsən, cibinə qoymursan, dönə-dönə baxmağa imkanın yoxdur. İşıqlar söndümü, məktubun da sönür.

 

Məktubların sonuna qoyulan işarələr internetdə hazırdı, sənin deyil, o işarələrdə barmağının titrəyişi yoxdur. Burda səhv etsən, düzəldə bilərsən. Amma əllə yazılan məktublarda yox. Ora düşən hərf səhvi də gözəldir. Hər qaraladığın sözün altında bir sirr yatır. Mən həmişə məktublarda üstündən xətt çəkilmiş sözləri böyük həvəslə oxuyuram. Çünki həyat və sevgi özünü üstündən xətt çəkilmiş sözlərdə gizlədir.

 

Telefon və internetlə yazılan məktublar səsin, sevginin ətrini öldürdü. Bir var təbii, bir də var kauçuk güllər. İndi həyatımızı kauçuk güllər bəzəyir. Nə ətri var, nə də ruhu. İndi məktubların sonuna çox asanlıqla bir söz yazırlar: ok.

 

Fikir ver, qarşı tərəf sənə yazır ki, səni çox sevirəm, səndən ötrü darıxıram. Sən də ona yazırsan: ok. Birdən də sən ona yazırsan ki, əzizim, o günü çəkdirdiyimiz şəkilləri göndər mənə. O da əvəzində - ok. Bu gün gəl görüşək - ok. Səni öpürəm - ok. Səni sevirəm - ok. Ok, ok, yenə də ok. Fikir vermisinizmi, indi evlərdə kağız şəkillər yoxdur və ya olduqca azdır.

 

70-ci illərdə hərdən fotoqraf kədərli bir söz deyərdi. Şəkilləriniz yanıb. İndi telefona və ya kompüterə virus düşəndə şəkillərin hamısı silinir, necə deyərlər, yanır. Bir illik, iki illik şəkillər qəflətən yoxa çıxır. O şəkillərin əlimizdə kağız variantı yox.

 

Bu gün telefonlarda tez-tez işlədilən hissiz-duyğusuz bir söz var: ok. Gəlirik - ok, gedirik - ok.

 

Heyf deyildi poçtalyon gətirən məktublar, burnumun ucu göynəyir lap. Ok.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279911

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR