Son günlər Ermənistan mediasında Azərbaycanın məxfi
silahının olması haqda müzakirələr gedir.
Publika.az xəbər verir ki, Ermənistanda narahatlıq Azərbaycanın
müdafiə naziri Zakir Həsənovun “RİA Novosti”yə müsahibəsində
“Azərbaycanın “İskəndər”lərin qarşısını ala biləcək silahları var”
açıqlamasından sonra başlanıb.
Ermənistan mediası Azərbaycanın “İskəndər”lərin qarşısını ala
biləcək məxfi silahının olduğu haqda yazır və buna görə Rusiyanı,
eləcə də Sarkisyan hakimiyyətini ittiham edir.
Erməni siyasi şərhçi Akop Badalyan yazır ki, Ermənistan
hakimiyyəti Rusiyanın Azərbaycana silah satmasına qarşı heç nə edə
bilmir:
“Əksinə, erməni ictimaiyyətini sakitləşdirmək üçün Rusiyanı
müdafiə edir və qeyd edir ki, Rusiya Azərbaycana silah satmasa,
Azərbaycan başqa ölkələrdən daha dəhşətli silahlar ala bilər.
Hərçənd, Azərbaycan silahı təkcə Rusiyadan almır. Burada xüsusi
məsələ, bu gün Azərbaycanın məxfi silahının olmasıdır. Azərbaycanın
müdafiə naziri “İskəndər”lərin qarşısını ala biləcək silahlarının
olduğunu açıqladı, Rusiya isə bu haqda susdu. Görünür, Bakı bu
məxfi silahı başqa ölkədən alıb və lazım olanda üzə çıxaracaq”.
A.Badalyan hesab edir ki, Rusiyanın Türkiyəyə S-400 raket
kompleksi satması da Ermənistan üçün təhlükəlidir.
“Heç kim zəmanət verə bilməz ki, Türkiyə bu raket komplekslərdən
birini Azərbaycana verməyəcək”, - deyə o bildirib.