Hamilələrə xidmətlə bağlı tədbir keçirildi: Sağlam hamiləlik üçün nə etməli? - FOTOLAR​​​​​

Hamilələrə xidmətlə bağlı tədbir keçirildi: Sağlam hamiləlik üçün nə etməli? - FOTOLAR​​​​​
16:03 8 Avqust 2017
Ölkə mətbuatı
A- A+

"Cari ilin ilk 7 ay ərzində 1765 nəfər hamilə qeydiyyata alınıb".

Bunu bu gün Bakı şəhər Baş Səhiyyə İdarəsinin 9 saylı Qadın məsləhətxanasında Antenatal xidmətin (hamilə qadınlara xidmət) təşkili haqqında keçirilən tədbirdə Publika.az-a məsləhətxananın baş həkimi Tərifə İsgəndərova deyib.

Onun sözlərinə görə, antenatal xidmət hamiləlik dövründə qadınların xüsusi diqqət etməli olduğu məqamlardan biridir:

“Mən 35 ildir bu sahədə çalışıram və sizi əmin edirəm ki, hamilə qadın vaxtında, yəni hamiləliyin ilk 5-11 həftəsində həkimə müraciət edib zəruri olan bütün müayinələrdən keçirsə, aşkar olunan patoloji hallar qısa zamanda aradan qaldırılır. Bununla da biz məqsədimizə nail oluruq. 9 saylı Qadın məsləhətxanası 1980-ci ildən fəaliyyətə başlayıb. Burada 22 müxtəlif sahədə qadınlara xidmət göstərilir. Həm Bakıda, həm də regionlarda gələcək nəslin sağlamlığı naminə hamilə qadınların övladlarını problemsiz qucaqlarına alması üçün bu sahədə maarifləncirici tədbirlərdə iştirak etmələri vacibdir. Bu mövzuda qadın üçün ailəsinin (həyat yoldaşının, anasının, qayınanasının) dəstəyi önəmlidir”.

T.İsgəndərova məsləhətxananın son vəziyyəti və yeni avadanlıqlardan da danışıb:

“Bu gün dövlət xəstəxanalarında da zəruri avadanlıqlar mövcuddur. Bu məqsədlə müəssisəmizə müraciət edən hamilələr 35-40 dəqiqə həkim qəbulunda olur. Daha sonra hamiləliyin gedişatına uyğun zəruri analizlər (qan analizi, sidik analizi, qanın laxtalanması, şəkər, hepatitlərin yoxlanılması, USM) alınır. Hazırda müəssisəmiz Binəqədi rayon ərazisinda yaşayan 127408 qadına və 10000 məcburi köçkün qadınlara tibbi xidmət göstərir. Cari ilin 7 ayı ərzində 1765 hamilə qadın nəzarətə götürülüb. Onlardan 547 nəfəri risk qrupuna daxildir. Riskli hamiləlik keçirən qadınlar daha ciddi ambulator və stasionar nəzarətə götürülür. 233 nəfərə yaxın hamilə stasionar müalicəyə göndərilib. Risk qrupuna daxil olan hamilələr əsasən qanazlığı, anemiya, ürək-damar sistemi qüsurları, böyrək patologiyaları, şəkərli diabet, varikoz genişlənmələr və digər diaqnozlarla müşahidə edilir. Bəzən qadınlar məsləhətxanalara çox gec gəlirlər və hamiləliyin sonlarına yaxın isə doğum həkimlərinə müraciət edirlər. Bu hallar heç də ürəkaçan nəticə vermir. Hər bir qadın hamiləliyinin 39-cu həftəsinə qədər həkim nəzarətində olmalıdır və hamiləliyi nəzarətdə saxlayan həkim bu müddət ərzində qadının bütün analiz nəticələri, hamiləliyin gedişatı ilə bağlı qeydlər fərdi müşahidə vərəqinə yazılmalıdır. Əgər hamilə vaxtı-vaxtında yoxlanışa gəlmirsə, hər bir qadın məsləhətxanasında əraziyə baxan mamginekoloqlar pasiyentlərin evlərinə gedərək orada lazımı müayinəni aparırlar. 9 ay ərzində fizioloji halda hamilə qadın 7 dəfə həkimə müraciət etməlidir. Əgər riskli hal varsa, 10 dəfə və daha çox gəlməlidir. Ümumilikdə analizlər 2 dəfə aparılır. Birinci 20 həftəyə qədər, ikinci isə 20-ci həftədən sonra. Lakin hər dəfə həkim qəbuluna gəldikdə hamilələrin sidik analizi verməsi məsləhətdir. Çünki, hamiləlik ilk olaraq böyrək və qaraciyərlərə təsir edir və müəyyən dəyişikliklərə yol açır. Buna görə də sidik analizi böyrəklərin vəziyyətini daha dəqiq iləmək üçün vacibdir. USM isə gərəksiz yerə məsləhət görülmür. Hamiləlik müddəti ərzində normal olaraq 3 dəfə USM müayinəsi tələb edilir. Əgər əlavə problem müşahidə olunmazsa təbii ki, gərək yoxdur. 39-cu həftədən sonra doğum üçün başqa həkimə müraciət edən hamilə bu müddət ərzində aparılan bütün prosedurların qeydlərini həkimə təqdim edir. Həkim hamiləliyin ilk həftəsin başlayaraq qadının vəziyyəti ilə tanış olduqdan sonra zəruri tədbirlri görür.

Arzuolunmaz hamiləliyin qarşısını almaq üçün biz həmin qadının fərdi müşahidə vərəqəsində bu barədə məlumatı qeyd etdikdən sonra məlumat veririk. Əgər qadın ilk hamiləliyindən sonra 6 ay müddətinə süd verərsə bu halda o hamilə qalmayacaq. Süni qidalardan istifadə edərsə hamilə qalma riski yüksəkdir və bu da yeni doğuş prosesi keçirmiş qadın üçün həm zərərli, həm də arzuolunmaz hamiləlik hesab olunur. Bu kimi halların qarşısını almaq məqsədilə qadınlara hamiləlik zamanı maarifləndirici söhbətlər aparılır və bu kimi hallarla tanış edilir. Çünki, bu kimi proseduralar aparılmadıqda abort müraciətlərinin sayı artır. Bu özü qadın sağlamlığı üçün zərərlidir. Biz bunu analıq travması hesab edirik. Abortlar müxtəlif cür iltihabi xəstəliklərə yol açır, qanaxmalar, digər hamiləliklərdə gedişatı poza və adəti düşüklərə səbəb ola bilər. Qadınlarımız həm özünün, həm də övladının sağlamlığını düşünməlidir”-, deyə T.İsgəndərova qeyd etdi.

9 saylı Qadın Məsləhətxanasının mama-ginekoloqu Tacə Səmədova isə qadınların hamiləlik dönəmində həkimlərini dəyişdirmək prosesi haqqında danışıb:

"Məsləhətxana eyni zamanda doğum evləri, təcili yardım stansiyaları və digər tibb müəssisələri ilə əlaqəli iş prinsipindədir. Bəzən hamiləliyin müəyyən mərhələsində qeydiyyatda olan hamilə yaşadığı ərazidən bir başqa əraziyə gedir və ya sadəcə olaraq həkimini dəyişdirmək istəyir. Belə olan halda biz həmin qadının şəxsi yazılı ərizəsi əsasında fərdi müşahidə vərəqəsini elektron poçt vasitəsilə digər həkimə yönləndiririk. Müəyyən mərhələyə qədər olan qeydlər hamiləliyi nəzarətə alan həkimə çatdırıldıqdan sonra 3-4 gün ərzində qarşı tərəflə əlaqə saxlayırıq. Hamilənin həkimə dəqiq surətdə müraciət etdiyini dəqiqləşdirdikdən sonra doğuma qədər demək olar ki, vəziyyətlə əlaqədar həkimlər daim əlaqədə olur".

Daha sonra T.İsgəndərova qadınların hamiləlik dönəmində doğumla bağlı psixoloji dəstək almalarını tövsiyyə edib:

“Burada məsləhətxananın təlimatlarına uyğun olaraq xüsusi kliniki protokollar əsasında tibbi xidmət göstərilir. Qadınlara bu prosesin fizioloji bir proses olduğunu aşılamaq lazımdır. Təbii doğuşdan qorxaraq lüzumsuz qeysəriyyə əməliyyatlarına girmək düzgün deyil. Doğuş təbii fizioloji prosesdir və bu belə də sonlandırılmalıdır. Doğuşa qədər hamilələr bütün zəruri proseduralardan keçiblərsə, qorxacaq heç bir şey yoxdur”.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/209154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR