Rəsmi Vaşinqton ABŞ-da etirazçılara hücum etdiklərinə görə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinə qarşı ittiham irəli sürüb.
Metbuat.az-ın xəbərinə görə, etirazçılarla mühafizəçilər arasında qarşıdurma R.T.Ərdoğanın mayda Vaşinqtona səfəri zamanı, Türkiyə səfirinin iqamətgahı qarşısında baş verib. Məlumata görə, ittiham,19 nəfərə qarşı irəli sürülüb. Onlardan 15 nəfəri Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.
Dövlət Departamenti insidentdən sonra Türkiyəyə etiraz edib. Ankara ittihamları rədd edərək, insidentin ABŞ tərəfinin lazımi təhlükəsizlik tədbirləri görməkdən imtina etməsi səbəbindən baş verdiyini bəyan edib.
“Tramp prioritetləri müəyyənləşdirməyə qadir deyil, elementar siyasi davranış qaydalarına əməl etmir”.
Bunu Metbuat.az-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.
“Tramp Səudiyyə Ərəbistanına səfər zamanı ərəb kralları ilə ortaq mövqe nümayiş etdirərək, Qətəri terrorizmə dəstəkdə ittiham etdi. Lakin sonradan etdiyi yanlış yanaşmanı dərk edərək, Qətərə olan həmlələri dayandırmağa səsləndi. ABŞ Şimali Koreya, Rusiya, Ukrayna ilə münasibətlərdə düzgün siyasət formalaşdıra bilməyib. Trampın Türkiyəyə münasibəti də bu qəbildəndir. Barak Obamanın hakimiyyət illərində də ABŞ-Türkiyə münasibətlərində müəyyən problemlər mövcud idi. ABŞ höküməti PKK tərəfdarlarına Vaşinqtonda Ərdoğana qarşı mitinq keçirməyə icazə verir. Mitinqin keçirildiyi məkan isə birbaşa Ərdoğana hücumun təşkilinə hesablanıb. ABŞ Ərdoğanın 15 mühafizəçisinə qarşı cinayət işi açıb. Bu isə ABŞ-Türkiyə münasibətlərində mövcud gərginliyin uzun müddət qalacağından xəbər verir”.
AŞPA həmməruzəçilərinin Bakıya səfəri - Onlar niyə gəlir?-Oxumaq üçün tıkla |
Aytən Novruzova / Metbuat.az