Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (153-cü say) təqdim edir.

Aygün Bəylərin "sulamağı", Nəzakət Teymurovanın Əli Mirəliyevə təlxək deməsi, Rəşid Behbudovun "əməkdar" qızı - HƏFTƏBECƏR

Sovetin dövründə bir oğlan sevdiyi qıza əsgərlikdən o qədər məktub yazır ki, axırda qız poçtalyona ərə gedir. Heç bu əhvalatın mövzuya dəxli yox idi. Sadəcə, mən də təzəlikcə eşitmişdim, eşidəndən sonra bir az gülmüşdüm. İstədim ki, siz də oxuyasınız. Gülüb-gülməmək isə öz işinizdir.

Necə deyərlər, belə duzlu-məzəli əhvalatlardan sonra keçək ondan da duzlu olan xəbərlərə.

Yəqin Aygün Bəylərin Elgizin aparıcısı olduğu verilişdəki məlum çıxışına baxmısınız. Baxmamısınızsa, mütləq elə yazını buradaca saxlayıb baxın, sonra oxumağa davam edin ki, yazacaqlarımı daha aydın başa düşəsiniz. Aygün verilişdə Röyadan başlayıb, gedib Vaqif Gərayzadədə söhbəti bağlayıb. Deyib ki, sənətkar ayrı şeydi, Röya tamam ayrı şey. Elgiz istəyib ki, məsələni bir az sakitləşdirsin, Aygün qalxıb ayağa, kepkasını bir az da basıb gözünün üstünə başlayıb sənət aləmini "sulamağa". Məclisdə Röyanın stilist dostu Anar da iştirak eləyirmiş. Anar da özünəməxsus qalın və qaltanlı səsiylə istəyib desin ki, bəsdir Aygün, bəsdir daha. Amma deyə bilməyib, Aygün kepkanı bir dəfə də gözünün üstünə basıb, qavalı da vurub qoltuğuna çıxıb gedib. Anar da dalınca. Anar arxadan nə qədər qışqırıbsa ki, "dayan, Aygün, dayan", xeyri olmayıb. Elə bu söhbətin ardınca Röya da Anarı sosial şəbəkədə dostluqdan çıxarıb. Deyirlər ki, Mixeil Saakaşvili Ukraynada vəziyyəti qaydasına salan kimi birbaşa Bakıya uçub bu məsələni də yoluna qoyacaq. Xəbər göndərib ki, mən gəlincə Nəzakət Teymurovayla Əli Mirəliyev də ya barışsınlar, ya da gəlib məsələni özüm həll edəcəyəm.

Məsələ burasındadır ki, Əli Mirəliyev Nəzakət Teymurovanın xaric oxuduğunu deyib. Nəzakət Teymurova da açıqlama verərək, Mirəliyevi təlxək adlandırıb. Saakaşvili gələnə qədər icazə verirsinizsə, mən də öz fikrimi yazım. Nə Əli Mirəliyevin, nə də Nəzakət Teymurovanın oxumağına söz demək mənə düşməz. Kim xaric oxuyur, kim zildən, kim bəmdən qışqırır, bu məsələlər də mənim kurasiyama daxil deyil. Ancaq Əli Mirəliyevin qızını şəxsən tanıdığıma və ədəb-ərkanına az-çox bələd olduğum üçün deyə bilərəm ki, Samirə xanım heç vaxt N.Teymurovanın atasını təlxək adlandırmazdı. Yəni, atası yaşda kişiyə o sözü deməyi özünə rəva bilməzdi. Mən çox gözəl anlayıram ki, Mirəliyev bəzən tənqidin dozasını çox edir, bəzi hallarda yersiz tənqidlərə də yol verir. Amma əksər hallarda onun səsləndirdiyi iradlar haqlı və yerindədir. Ola bilsin ki, Teymurovanın hansısa məclisdə, yaxud efirdə təsadüfən xaric oxuduğu onun qulağına dəyib və belə bir açıqlama verib. Mümkün olan işdir də. Məgər Nəzakət Teymurova xaric oxuya bilməz? Lap yeri gələndə Üzeyir də xaric oxuyur. Hələ mən Damlanın bəzi mahnılarda bir ton xaric qışqırdığını demirəm. Amma nə olsun, camaatın ki qulağına xoş gəlir. Qonşumuzda bir xala var, inanın ki, hərdən uşaqlarına hirslənəndə necə qışqırırsa, elə bilirsən Nazənin oxuyur. Yəni, o qədər oxşardı ha. Nazənin hansı notdan qışqırırsa, qonşudakı xala da türklər demiş, aynen həmin notdan başlayır.

Rəşid Behbudovun qızı Rəşidə xanım da bu qırğının ortasında deyib ki, titulumdan imtina edirəm. Əməkdar artist fəxri adını deyir. Bu imtinanın iki səbəbi ağlıma gəlir. Rəşidə xanım ya xalq artisti olmaq istəyir və bunu dolayısı yolla deyir, ya da düşünür ki, əməkdar artist fəxri adı da onun üçün artıqdır. Bəli, Rəşid Behbudov çooox böyük və əfsanəvi sənətkardır. Amma onun hazırda daşıdığı fəxri adı məhz sənət qarşısındakı xidmətlərinə görə aldığı müzakirə mövzusudur.

Vasif Məhərrəmli deputatsayağı təkliflə çıxış edib. Ümumiyyətlə, adam əməkdar artist olandan bəri yaxşı təkliflər verir. Bu dəfə deyib ki, restoranlardan şou proqramlar yığışdırılmalıdır. Əgər maraqlı olsa, saytlardan oxuyarsınız. Əslində, Vasif bəy haqlıdır. Fikrimcə, qəzet köşklərindən siqaret, poçtlardan saqqız, pampers, məktəblərdən fondpulu da yığışılmalıdır.

Azərbaycanda "Kəklikotu" adlı yeni film çəkilib. Film qalıb bir qırağa, hamı Nigar Camalın dərin dekoltesindən yazır. Dərin dekolte e. Görəsən, dərinliyi neçə metrdir? Rəhmətlik Səyavuş Aslan demişkən, Fatima neçə tondu, kökdü, yoxsa arıqdı?

Rəqsanənin qızı deyib ki, Türkiyə vətəndaşıyla davam edən münasibətləri iki il çəkib. Sonra xasiyyətləri tutmadığı üçün ayrılıblar. Qulpqoyan dayı deyir ki, mənim adım olmasın, ora yaz ki, yaxşı tutuzdura bilməmisiz də. Nəysə e, söhbət çox uzandı, Saakaşvili də gəlib çıxmadı...

...Hə, deyəsən, gəldi, gələn həftə görüşənədək.

Milli.Az