“Azərbaycan Dağlıq Qarabağ məsələsində bu təcrübədən istifadə edə bilər” – Politoloqdan açıqlama

Məlum olduğu kimi, 2018-ci ildə GUAM-a Moldova sədrlik edir. Moldova bir neçə gün öncə GUAM-a sədrliyi dövründəki prioritetlərini açıqlamışdı. Prioritetlərdən biri də budur ki, Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi BMT-nin Baş Assambleyasının növbəti sessiyasında GUAM regionunda dondurulmuş münaqişələrin kollektiv həllinin təşviq edilməsi ilə bağlı birgə qətnamə irəli sürməyə hazırlaşır.

Bununla bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu deyir ki, Dnestryanı münaqişənin tənzimlənməsində tamam yeni keyfiyyət vəziyyəti yaranıb: “Bir statistika deyim ki, Dnestryanı bölgədə yaşayan əhalinin 40%-i ruslar, 40%-i moldovanlar, 20%-i isə ukraynalılardır. Uzun müddət idi ki, Ukrayna Dnestryanı münaqişənin tənzimlənməsində iştirak eləmək istəmirdi. Demək o 20% ukraynalı moldovanların tərəfində olacaqsa, onda təbii ki, Moldova variantı üstünlük təşkil edəcək. Bu vaxta qədər isə nə qədər paradoks olsa da, 20% ukraynalı rusların mövqeyini müdafiə edirdi. Ona görə də Dnestryanı münaqişə tənzimlənmirdi. Amma indi Moldovanın Baş naziri Ukrayna tərəfi ilə danışığa, əməkdaşlığa getdi. Bununla bağlı, Dnestr çayının üzərindən artıq bir körpü tikib, ikinci körpü də tikilir. Eləcə də çay kənarındakı ərazidə, Dnestryanının hər iki sahilində ticarət, iqtisadi əməkdaşlığın bünövrəsi qoyulub. Belə vəziyyət yarananda, ukraynalılar artıq Dnestryanı bölgənin daxilində fəallaşdılar. Moldovanın Baş naziri bunu iqtisadi metodlarla elədi. O da nəzərə alınmalıdır ki, Moldova prezidenti Rusiyapərəstdirsə, Baş nazir, Parlamentin spikeri hamısı qərb tərəfdilər. Indi Dnestryanı ərazidə belə vəziyyət yarandığı üçün Moldova rəhbərliyi bir az da ruhlanıb və istəyirlər ki, əldə etdikləri uğurları BMT Baş Assambleyasında təsdiq etdirsinlər. Ona görə də BMT Baş Assambleyası üçün qətnamə hazırlayıblar və əminəm ki, qətnamə təkcə GUAM üzvləri tərəfindən deyil, o cümlədən dünya ictiamiyyəti tərəfindən dəstəklənəcək.

Politoloqun sözlərinə görə, indi vəziyyət belədir ki, Rusiyapərəst prezident İqor Dodon da Dnestryanı bölgə ilə bağlı Moskvanın ortalığa qoyduğu variantdan qaçır: “Hətta tanınmamış Dnestryanı qurumun rəhbərliyi də Rusiyanın müdafiə etdiyi variantdan imtina elədi. Qondarma qurumun rəhbəri Vadim Krasnaselski deyir ki, status-kvo dəyişilməsin, amma baxaq görək gələcəkdə necə olacaq. Moldovanın baş naziri Pavel Filip isə bölgəyə artıq Moldovanın tərkibində Qaqauziyanın statusuna bərabər status vermək istəyir, bunu prezident də müdafiə edir”.

Mübariz Əhmədoğlu deyir ki, Moldova bununla ilk olaraq Rusiyanın tanınmamış qurumlara söykənmiş siyasətini qırdı, o siyasətə bir zədə vura bildi: “Rusiya Dnestryanı bölgəni hazırda müdafiə edə bilmir, çünki orada kifayət qədər ciddi proseslər gedir. Düşünürəm ki, bununla Rusiyanın Dağlıq Qarabağ məsələsində Ermənistana verdiyi dəstək də qırıla bilər. Bütün hallarda Azərbaycan hər zaman Moldovanın ərazi bütövlüyünü dəstəkləyir, sadəcə Moldovanın içində müəyyən qüvvələr var ki, ermənilərə bağlıdır. Amma Moldvanın əksər rəsmiləri Azərbaycanın tərəfindədir. Düşünürəm ki, Azərbaycan da yaxında Dnestryanı bölgədə baş verən hadisələri daha dəqiq öyrənəcək və həmin təcrübədən istifadə edəcək”.

Moldovanın hazırladığı qətnamənin Azərbaycan üçün əhəmiyyətindən danışan politoloq deyir ki, burada Dnestryanı bölgə Moldovanın tərkibində göstərilir: “Bunun da Azərbaycan üçün birinci əhəmiyyəti budur ki, ümumilikdə GUAM ərazisindəki münaqişələrin hamısı GUAM dövlətlərinin daxilində göstəriləcək, yəni ərazi bütövlüyü prinsipinə dəstək göstəriləcək. İkincisi, SSRİ dağılandan sonra Rusiyanın tanınmamış qurumlarla siyasəti olub. İlk dəfə idi ki, Moldova Rusiyanın tanınmamış qurumlara dəstək siyasətini zədələdi, ciddi zərbə vurdu. Bu, eynilə Dağlıq Qarabağ məsələsinə də aiddir. Üçüncüsü, GUAM ərazisində iqtisadi proseslərin inkişafına yeni baxış əmələ gəldi. Dördüncüsü isə, GUAM ölkələri bir-biri ilə nə qədər çox sıx əlaqədə olsa, bu onların iqtisadi müstəqilliyinə daha çox fayda verəcək”.

Günay Elşadqızı / METBUAT.AZ

“İtaliya hansı ölkənin təcavüzkar, hansının təcavüzə məruz qaldığını yaxşı bilir” - Musa Qasımlı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI