“Azərbaycan və İtaliya arasında əlaqələrin zəngin tarixi keçmişi, müasir səmərəli əməkdaşlıq təcrübəsi və yaxşı perspektivləri var”.
Bunu Metbuat.az-a açıqlamasında millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılan Dağlıq Qarabağ münaqişəsinə dair məsələni İtaliya Xarici İşər Nazirliyində dərindən bilən diplomatlar var: “Bu məsələnin həlli məsələsini, Minsk konfransını hazırlamağı 1992-ci ildə ATƏM İtaliya diplomatı Mario Rafaelliyə tapşırmışdı. Onun baxışı kifayət qədər ədalətli idi. Hesab edirəm ki, İtaliya hansı ölkənin təcavüzkar, hansının təcavüzə məruz qaldığını daha yaxşı bilir və bu istiqamtədə də səylərini artırmalıdır”.
Qeyd edək ki, 2018-ci ilin yanvarın 1-dən ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfano bildirib ki, İtaliya ATƏT-ə sədrlik etdiyi müddətdə təşkilatın dondurulmuş münaqişələrin nizamlanması üzrə fəaliyyətini gücləndirəcək və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində də səylər davam etdiriləcək. A.Alfano qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində üç həmsədr ölkə ilə birgə səylərimizi davam etdirəcəyik.
Bir neçə gün bundan əvvəl isə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “Wall Street International” jurnalının italyan dilindəki buraxılışında müsahibəsi dərc olunub. “Qara qızıl və insan kapitalı” adı ilə dərc olunmuş müsahibədə səfir jurnalist Romolo Martelloninin Azərbaycan-İtaliya münasibətləri və ölkəmizin inkişaf strategiyası, o cümlədən xarici siyasət istiqamətləri, enerji təhlükəsizliyinin təminində, nəqliyyat dəhlizlərinin, mədəniyyətlərarası dialoqun inkişafında rolu, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı kimi mövzularda suallarını cavablandırıb. Müsahibədə 2017-ci ildə Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin 25 illiyinin qeyd olunduğunu, ötən illər ərzində iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdiyini, strateji tərəfdaşlığa nail olunduğunu vurğulanıb.
Günay Elşadqızı / METBUAT.AZ
“İtaliya Azərbaycan məhsullarının ixracında dünya ölkələri arasında ilk yeri tutur” - ŞƏRHLƏR