Çilinin Robinson Kruzo adasında bitən nadir ağac növü məhv olmaq təhlükəsi ilə qarşılaşıb.
Metbuat.az “Sözçü” qəzetinə istinadən xəbər verir ki, Dendroseris neriifolia növündən təbiətdə cəmi bir ağac qalıb. O, dik vulkanik yamacda bitir və gövdəsi kəndirlərlə dəstəklənir. Məlumata görə, vaxtilə adanın müxtəlif ərazilərində geniş yayılan ağacın sayı illər ərzində azalıb. Buna yaşayış mühitinin itirilməsi, meşə yanğınları, torpaq eroziyası və invaziv növlər səbəb olub. Bildirilir ki, alimlər nadir növü xilas etmək üçün son ağacdan toxum toplayıblar. Təxminən dörd saatlıq yol və iki saatlıq dırmanışdan sonra ağaca çatmaq mümkün olur. Toplanan 29 toxumdan 25-nin yararlı olduğu müəyyən edilib. Aparılan işlər nəticəsində səkkiz ting yetişdirilib.
Məlumata görə, mütəxəssislər tingləri böyüdərək gələcəkdə yeni toxumlar əldə etməyi planlaşdırırlar. Onların fikrincə, bu nəticə ümidvericidir, lakin ağac növünün tam bərpası uzun illər çəkə bilər.