Rusiya Prezidenti Vladimir Putin ölkədə istifadə olunan mobil əməliyyat sistemlərində vətəndaşlara süni intellekt modelləri və İİ-agentlər arasında seçim imkanı yaradılmasını təklif edib.

Metbuat.az xəbər verir ki, o, bu barədə Moskvada keçirilən "AI Journey" beynəlxalq konfransında çıxışı zamanı danışıb.

Putinin sözlərinə görə, Rusiyada fəaliyyət göstərən bütün mobil əməliyyat sistemlərində xüsusi “seçim pəncərəsi” nəzərdə tutulmalıdır. Bu mexanizm istifadəçilərə əvvəlcədən quraşdırılmış yeganə süni intellekt tətbiqindən asılı qalmadan, həm xarici, həm də yerli şirkətlərin hazırladığı modellərdən istifadə etmək imkanı verəcək.

Rusiya Prezidenti, həmçinin suveren süni intellekt modellərinə investisiyaların artırılması üçün iqtisadi və qanunvericilik mexanizmlərinin hazırlanmasını hökumətə tapşırıb.

O bildirib ki, bu modellərin ölkə üzrə daha geniş tətbiqini sürətləndirmək üçün əlavə iqtisadi stimullar yaradılmalıdır.

Putin yerli şirkətləri və dövlət qurumlarını Rusiya süni intellekt texnologiyalarının keyfiyyətinin və imkanlarının artırılması məqsədilə yerli tərtibatçılarla davamlı əməkdaşlığa çağırıb.