Türkiyənin nanə istehsalının 78 faizinin Qaziantep vilayətinin payına düşəcəyi gözlənilir. Bölgədə mövsümün sonuncu nanə yığımı həyata keçirilir.
Metbuat.az Mynet.com saytına istinadən xəbər verir ki, UNESCO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi”nə daxil etdiyi Qaziantep coğrafi işarəli məhsulları arasında yer alan nanə istehsalı ilə də seçilir. Vilayətdə istehsalın əsas mərkəzi Fərat çayının sahilində yerləşən Karkamış rayonudur.
Vilayətin Kənd Təsərrüfatı və Meşəçilik İdarəsinin müdiri İbrahim Sağlam bildirib ki, ötən il Qaziantepdə 7500 dekar (750 hektar) ərazidə 18900 ton nanə istehsal olunub. Bu göstərici Türkiyənin ümumi nanə istehsalının 75 faizini təşkil edib.
Onun sözlərinə görə, bu il 7600 dekar sahədən 19700 ton məhsul əldə ediləcəyi gözlənilir. Ölkədəki nanə istehsalının 78 faizi Qaziantepin, vilayətdəki istehsalın isə 55 faizi Karkamış rayonunun payına düşür. Quru nanənin hər hektardan deyil, hər dekar sahədən təxminən 500 kiloqram məhsul verdiyi qeyd olunub.
Sağlam nanə istehsalının fermerlər üçün gəlirli sahələrdən biri olduğunu vurğulayıb. O, məhsulun qurudulması və qablaşdırılması üçün müəssisələrin sayının artırılmasının planlaşdırıldığını, fermerlərin müraciəti əsasında qrant dəstəyinin də göstəriləcəyini bildirib.
Nanə istehsalçısı Ali Yılmaz isə bitkinin uzun illər məhsul verdiyini deyib. Onun sözlərinə görə, nanə bir dəfə əkildikdən sonra 10 ildən artıq müddətdə məhsul əldə etməyə imkan yaradır. Bitkinin köklərini yeniləmək üçün isə hər üç ildən bir sahədə yeniləmə işləri aparılır.