Türkiyənin Kastamonu vilayətinin Taşköprü rayonunda yerləşən Ortaöz kəndində 22 ildir siqaret çəkilmir. Kənddə tətbiq olunan qadağa sakinlərin ortaq qərarı ilə başlayıb və bu günədək davam edir.

Metbuat.az Mynet.com saytına istinadən xəbər verir ki, kəndin girişində ziyarətçiləri “Siqaret çəkilməyən Ortaöz kəndinə xoş gəlmisiniz” yazılmış lövhə qarşılayır.

40 evdən ibarət kənddə həm qapalı, həm də açıq ərazilərdə siqaret çəkmək olmaz. Kənd muxtarı Mahmut Sezerin təşəbbüsü ilə başlayan qadağa əvvəlcə etirazla qarşılanıb, amma zamanla bütün sakinlər onu qəbul edib.

Mahmut Sezer bildirib ki, ilk vaxtlarda bəzi sakinlər qadağaya əməl etməyib, gizlicə siqaret çəkiblər. Hətta lövhələrin altında siqaret çəkənlər də olub. Onun sözlərinə görə, görülən tədbirlərdən sonra sakinlər qaydaya alışıb və hazırda ciddi problem yoxdur.

30 il siqaret çəkdiyini deyən muxtar özü də bu vərdişdən imtina edib. O bildirib ki, xüsusilə yay aylarında kəndə gələn gənclərlə siqaretə qarşı mübarizə aparırlar. Ətraf kəndlərdə yaşayan bəzi şəxslər də siqareti tərgitmək üçün onlardan dəstək istəyir.

Kənd sakinlərindən Murat Doğan 2004-cü il fevralın 14-də siqareti tərgitdiyini bildirib. O, bundan sonra özünü daha yaxşı hiss etdiyini və qərarından məmnun olduğunu deyib.