İtaliyanın “Ferrari” şirkəti 22 illik fasilədən sonra əfsanəvi “Challenge Stradale” adını yenidən avtomobil bazarına qaytarıb. Yeni “296 Challenge Stradale” modeli hibrid sistemdən imtina edərək tamamilə benzin mühərriki ilə təchiz olunub.

Metbuat.az xəbər verir ki, Barselona-Kataloniya yarış trasında təqdim edilən avtomobil 3,0 litrlik, iki turbokompressorlu V6 mühərriklə işləyir. Mühərrik 670 at qüvvəsi və 740 Nm fırlanma anı hasil edir.

Avtomobil 0-dan 100 km/saat sürətə 2,8 saniyəyə, 200 km/saat sürətə isə 7,9 saniyəyə çatır. Maksimal sürəti 300 km/saatı ötür. Modelin çəkisi 1 330 kiloqramdır.

“Ferrari”nin məlumatına görə, avtomobil 250 km/saat sürətlə hərəkət edərkən 617 kiloqram yerəbasma qüvvəsi yaradır. Modelin aerodinamikası, asqı sistemi və karbon-keramika əyləcləri əsasən trek istifadəsi üçün təkmilləşdirilib.

“296 Challenge Stradale” məhdud sayda istehsal olunmayacaq və şirkətin standart model xəttinə daxil ediləcək. Avtomobilin İtaliyada başlanğıc qiyməti 291 min avro təşkil edir. İlk müştəri təhvil-təslimlərinin 2027-ci ilin üçüncü rübündə başlanması planlaşdırılır.