ABŞ-də iri data (məlumat) mərkəzlərinin illik elektrik enerjisi istehlakı Avstriya və Danimarka kimi ölkələrin ümumi tələbatını ötüb.
Metbuat.az xəbər verir ki, Harvard Universitetinin apardığı araşdırmaya əsasən, ölkədəki 403 hipermiqyaslı data mərkəzi ildə orta hesabla 82 teravatt-saat (TWh) elektrik enerjisi sərf edir. Bu göstəricinin 99 TWh-yə çatdığı ehtimal olunur.
“Nature Sustainability” jurnalında dərc olunan tədqiqat 2024-cü ilin mayından 2025-ci ilin aprelinədək olan dövrü əhatə edir. Araşdırmada ən azı 5 000 serverə malik data mərkəzləri öyrənilib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Avstriyanın illik elektrik istehlakı 61,6 TWh, Danimarkanın isə 36,06 TWh olub. Data mərkəzlərinin fəaliyyəti nəticəsində karbon emissiyalarının 31 milyon tona çatdığı da bildirilir.
Araşdırmada vurğulanır ki, süni intellekt, bulud xidmətləri və məlumatların saxlanmasına tələbatın artması elektrik şəbəkələrinə əlavə yük yaradır. ABŞ-də xüsusilə Texas ştatında yeni data mərkəzlərinin şəbəkəyə qoşulması ilə bağlı çətinliklər müşahidə olunur.
Mütəxəssislər artan enerji tələbatının qarşılanması üçün elektrik istehsalı və şəbəkə infrastrukturuna investisiyaların vacibliyinə diqqət çəkirlər.