Türkiyənin “Qalatasaray” klubu möhtəşəm nəticəyə imza ataraq öz meydanında məğlubiyyətsiz oyunlarının sayını 42-yə çatdırıb.

Metbust.az "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə Super Liqasının 12-ci turunda “Samsunspor”u 2:1 hesabı ilə məğlub edərək klub tarixinin ən uzun evdə məğlubiyyətsizlik seriyasına sahib çıxıb.

Okan Burukun rəhbərlik etdiyi komanda bu müddət ərzində keçirdiyi 42 qarşılaşmanın 34-də qələbə qazanıb, 8 matçda isə heç-heçə edib.

“Qalatasaray”ın Türkiyə çempionatında doğma meydandakı son məğlubiyyəti 19 may 2024-cü ildə qeydə alınıb. Həmin vaxt İstanbul klubu əzəli rəqibi “Fənərbağça”ya 0:1 hesabı ilə uduzub.

Maraqlıdır ki, komandanın əvvəlki rekord göstəricisi 41 oyun olub. 2016-2017-ci illərdən başlayan həmin seriya 2019-cu ildə “Başakşehir”lə qarşılaşmada başa çatıb. Həmin vaxt “Başakşehir”ə rəhbərlik edən şəxs isə hazırda “Qalatasaray”ın baş məşqçisi olan Okan Buruk idi.

Buruk bu dəfə “sarı-qırmızılar”ın sükanı arxasında klubun əvvəlki rekordunu yeniləyərək tarixə düşüb.

Qeyd edək ki, Türkiyə Super Liqası tarixində evdə ən uzun müddət məğlub olmayan komanda rekordu isə 90 oyunluq seriya ilə “Trabzonspor”a məxsusdur.