Doğma Soltanlı kəndini sonuncu tərk edən beş-on nəfərdən biri anam, digəri isə Şücaət bibim olub. O vaxt Səməd Vurğun adına kolxozun sədri işləyən rəhmətlik Həsən əmim qeyrətli kişi idi. Hər gün eyni sözü deyirdi: "Mən arvad-uşağımı Bakıya, Şəkiyə göndərsəm, başqalarına necə deyə bilərəm ki, kənddə qalın?!"
Ermənilər kəndin o başından girəndə, bizimkilər kəndin bu başından çıxırdılar. Horadiz yolu bağlandığı üçün Xudafərin körpüsü ümidin son dayanacağına çevrilmişdi. Soltanlının bir qrup sakini 33 il əvvəl ayaqyalın, başıaçıq Xudafərin körpüsündən keçərək birtəhər canlarını qurtara bilmişdi...
Mən çox sonralar öyrəndim ki, başda anam və bibim olmaqla, kənddə qalan beş-altı qadın güllə yağışı altında ordumuz, əsgərlərimiz üçün bağlardan üzüm dərirmiş...
Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ermənilərin 27 il ərzində Qarabağda çəkdikləri kefi 44 gündə onların burnundan gətirdi. Mənfur düşmən darmadağın edildi, Qarabağ azadlığına qovuşdu. Doğulub boya-başa çatdığım qədim diyar - tarixin ən soyuq qışına, ən isti yayına şahidlik etmiş doğma Soltanlı kəndi küllərindən yenidən doğuldu. Cəmi üç il əvvəl bünövrəsi qoyulan doğma kəndimizdə bu gün qonaqları al-əlvan çiçəklər qarşılayır, payızda belə təravətini itirməyən gözəl güllər yurdun yenidən dirçəlişinə şahidlik edir...
Bu gün Soltanlının bir qrup sakini, bir neçə ailə doğma el-obaya köçdü. Köç karvanı yola düzələndə dan yeri yenicə ağarırdı...
Bu gün bir neçə ailə 33 ildən sonra öz evində yatacaq.
Gözlərinə yuxu gedəcəkmi?..
Bilmirəm...
Bildiyim odur ki, yuxularımız çin olub...
Şəhid balalar, ruhunuz şad olsun!
Qazi balalar, ömrünüz uzun olsun!
Ay soltanlılar, yeni evləriniz xeyirli olsun!
Seymur Verdizadə