“Google” axtarış sisteminin süni intellekt dəstəkli “AI Mode” bölməsinə müvəqqəti söhbət funksiyası əlavə olunub. Bu rejimdə aparılan axtarışlar hesaba yazılmır və gələcək tövsiyələrə təsir etmir.
Metbuat.az “9to5Google” nəşrinə istinadən xəbər verir ki, funksiya noyabrın 17-dən dünya üzrə mərhələli şəkildə istifadəyə verilir.
Yeni funksiyadan istifadə etmək üçün “AI Mode” bölməsinin yuxarı sağ küncündəki nöqtəli çərçivəli qələm işarəsinə klikləmək kifayətdir. Bu, “Gemini” tətbiqindəki eyni işarədir. Hesab ayarlarında dəyişiklik etməyə ehtiyac yoxdur. Rejim açılanda ekrandakı salamlama “Welcome, stranger” (“Xoş gəldin, yad adam”) olur.
Müvəqqəti söhbət istifadəçinin hesabına yazılmır, söhbət tarixçəsində görünmür və fərdiləşdirilmiş tövsiyələrə təsir göstərmir. Cavablar da istifadəçinin əvvəlki üstünlüklərinə görə fərdiləşdirilmir. Söhbət bağlandıqdan sonra ona yenidən qayıtmaq mümkün deyil.
Funksiya şəxsi və həssas mövzular barədə araşdırma aparan istifadəçilər üçün nəzərdə tutulub. Nəşr qeyd edir ki, bu, brauzerin gizli pəncərəsinə alternativdir və yalnız hesab səviyyəsində işləyir, internet bağlantısını anonimləşdirmir.
Qeyd edək ki, funksiya həm kompüterlərdə, həm də mobil cihazlarda “AI Mode”un dəstəklədiyi bütün dillərdə əlçatan olacaq. Yayım mərhələli olduğu üçün bəzi istifadəçilərdə bir neçə gün gec görünə bilər.