NASA-nın dəstəklədiyi araşdırma çərçivəsində alimlər süni Ay torpağında kartof yetişdirməyə nail olublar.

Metbuat.az "Trthaber"ə istinadən xəbər verir ki, təcrübə zamanı əldə edilən məhsulun həm yeyilə bilən, həm də qida dəyəri baxımından yararlı olduğu müəyyənləşib. Məlumata görə, tədqiqatçılar Ay torpağını təqlid edən süni materialı üzvi maddələrlə zənginləşdirərək kartof əkiblər. Nəticələr göstərib ki, kifayət qədər üzvi maddə əlavə edildikdə bitkilər Yer torpağındakı kimi inkişaf edə bilir. Bildirilir ki, təcrübədə qırmızı qabıqlı, ağ ətli və erkən yetişən “Modoc” sortundan istifadə olunub.

Araşdırma gələcəkdə Ayda qurulması planlaşdırılan yaşayış məntəqələri üçün mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, ABŞ və Çin Ayda uzunmüddətli bazalar yaratmağı və oraya astronavtlar göndərməyi hədəfləyir. Bütün ərzağın Yerdən daşınmasının çətinliyi nəzərə alınarsa, Ayda yerli qida istehsalı astronavtların təminatı üçün vacib amilə çevrilə bilər.