“Mançester Yunayted” "Qalatasaray"ın hücumçusu Viktor Osimheni transfer etməkdən imtina edib.

Metbuat.az xəbər verir ki, bundan əvvəl klubun yanvar transfer pəncərəsində nigeriyalı futbolçunu heyətinə qatmaq üçün addım atacağı iddia edilmişdi. “TEAMtalk” nəşrinin məlumatına görə, İngiltərə təmsilçisi qış transfer dövründə Osimhenin transferi üçün hərəkətə keçməyəcək. Bildirilir ki, futbolçu da “Mançester Yunayted” variantını nəzərdən keçirmir. Buna əsas səbəb isə hücumçunun transfer xərcləri və Türkiyə klubundakı müqaviləsinin maliyyə şərtləridir.

Məlumata görə, Osimhenin Türkiyədəki iki ildən artıq müddəti əhatə edən müqaviləsi kifayət qədər yüksək qazanc nəzərdə tutur. Bonuslar da nəzərə alındıqda, futbolçunun gəliri “Mançester Yunayted”in ən yüksək maaş alan oyunçusu Markus Reşfordun qazancı ilə müqayisə olunur. Bu maliyyə şərtlərinin mümkün transferi çətinləşdirdiyi vurğulanır.