Regionların sosial-iqtisadi inkişafının düzgün planlaşdırılması ilk növbədə əhalinin real yaşayış şəraiti və ehtiyacları barədə dəqiq məlumatların əldə olunmasından başlayır. Bu baxımdan ev təsərrüfatlarının uçotunun elektronlaşdırılması ölkəmizdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi və regional inkişafın daha səmərəli təşkili istiqamətində mühüm addımdır.
Yeni sistem ailələrin sosial vəziyyətinin, məşğulluğunun, torpaq sahələrinin və təsərrüfat fəaliyyətinin daha dolğun qiymətləndirilməsinə imkan yaradacaq. Nəticədə dövlət dəstəyi və inkişaf layihələrinin ümumi göstəricilərə deyil, konkret ehtiyaclara əsaslanması üçün etibarlı informasiya bazası formalaşacaq.
Milli Məclisin deputatı Vüqar İskəndərov Metbuat.az-a açıqlamasında layihənin əhəmiyyətini şərh edərkən bildirib ki, ev təsərrüfatlarının uçotunun elektron qaydada aparılması həm dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, həm də vətəndaşların, xüsusilə regionlarda yaşayan ailələrin sosial-iqtisadi imkanlarının daha düzgün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Deputatın sözlərinə görə, bu sistem vasitəsilə hər bir yaşayış məntəqəsinin, ailənin və fərdi təsərrüfatın mövcud vəziyyəti barədə daha dəqiq məlumatlar əldə ediləcək. Bu isə dövlət proqramlarının hazırlanması zamanı real ehtiyacların nəzərə alınmasına, sosial və iqtisadi dəstək mexanizmlərinin daha ünvanlı şəkildə tətbiqinə şərait yaradacaq. Beləliklə, regionlar üzrə mövcud fərqlər, inkişaf potensialı və həlli vacib olan problemlər daha aydın müəyyənləşdiriləcək.
Vüqar İskəndərov vurğulayıb ki, layihənin fərdi təsərrüfatlar üçün də xüsusi əhəmiyyəti var: "Torpaq sahələri, istehsal imkanları, məşğulluq və təsərrüfat fəaliyyəti ilə bağlı məlumatların sistemləşdirilməsi kənd təsərrüfatında mövcud potensialın müəyyənləşdirilməsinə kömək edəcək. Bunun əsasında fermer və ailə təsərrüfatlarının ehtiyaclarının daha düzgün müəyyən edilməsi, dövlət dəstəyinin istiqamətləndirilməsi və yeni inkişaf imkanlarının yaradılması mümkün olacaq".
Millət vəkili qeyd edib ki, elektron uçotun “mygov” platforması üzərindən aparılması şəffaflığı və operativliyi artırmaqla yanaşı, vətəndaşların inzibati yükünü də azaldacaq. Eyni zamanda, vahid məlumat bazası regionlarda infrastrukturun, məşğulluq layihələrinin və kənd təsərrüfatı proqramlarının planlaşdırılmasında mühüm rol oynayacaq. Onun fikrincə, rəqəmsal məlumatların sistemli şəkildə toplanması dövlət qurumları arasında koordinasiyanı da gücləndirə, qərarların hazırlanması və icrası prosesində daha çevik yanaşmaya imkan verə bilər. Bu, xüsusilə sosial xidmətlərin əlçatanlığının artırılması və yerli problemlərin vaxtında müəyyən edilərək aradan qaldırılması baxımından əhəmiyyətlidir.
"Bu təşəbbüsün əsas üstünlüyü hər bir ailənin və təsərrüfatın real vəziyyətinin nəzərə alınması, dövlət resurslarının daha səmərəli bölüşdürülməsi və regionların dayanıqlı inkişafına xidmət edən qərarların dəqiq məlumatlar əsasında qəbul edilməsidir", - Vüqar İskəndərov fikrini belə tamamlayıb.
Qeyd edək ki, 2027-ci ildən etibarən ev təsərrüfatlarının uçotu ilk dəfə olaraq “mygov” platformasında yaradılmış “Ev təsərrüfatları” altsistemi vasitəsilə tam elektron qaydada həyata keçiriləcək. Uçot məlumatları vahid informasiya sistemində cəmləşdiriləcək, Elektron Hökumət İnformasiya Sistemi ilə inteqrasiya olunacaq. Bununla da vətəndaşlar ev təsərrüfatlarına dair məlumatları ilə “mygov” platforması üzərindən “bir pəncərə” prinsipi əsasında tanış olmaq imkanı əldə edəcəklər.