Türkiyənin "Qalatasaray" klubunda Leroy Sanenin gələcəyi ilə bağlı ayrılıq iddiası gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, Türkiyənin "Takvim" nəşrinin yaydığı məlumata görə, İstanbul təmsilçisinin rəhbərliyi mövsümün qış fasiləsində 30 yaşlı almaniyalı futbolçu ilə yolları ayıracaq.
2025-ci ilin yayında "Qalatasaray"a transfer olunan Sane bu mövsüm nümayiş etdirdiyi performansa görə tənqid olunur. Hücumameyilli futbolçu cari mövsümdə keçirdiyi 16 oyunda qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.
Almaniyalı oyunçunun son çıxışı baş məşqçi Okan Burukun da narazılığına səbəb olub. Belə ki, komandanın əsas heyətində ciddi itkilər olmasına baxmayaraq, Sane "Samsunspor"la qarşılaşmaya start heyətində başlamayıb. Görüşün sonrakı dəqiqələrində meydana daxil olan futbolçu top itkilərinə görə tənqid edilib.
Məlumata əsasən, Sane bu mövsüm bütün turnirlərdə 16 qarşılaşmada ümumilikdə 591 dəqiqə meydanda olub. Onun məhsuldarlıq baxımından gözləntiləri doğrultmaması və son matçda əsas heyətdən kənarda qalması texniki heyətin futbolçuya etimadının azaldığı kimi qiymətləndirilir.
Bildirilib ki, "Qalatasaray" rəhbərliyi yanvar transfer pəncərəsində almaniyalı vingerlə yolları ayırmağı nəzərdən keçirir.