Zaman yurd itkisinə, torpaq həsrətinə məlhəm olmadı. Bu yara düz 27 il sızladı...

Biz bir dəfə köçkün düşdük. Amma evsizliyin, elsizliyin ağrı-acısını hər gün yaşadıq. Dərd köhnəlir, unudulmur.

Uzaq tarix olmadığı üçün dəqiq xatırlayıram. Bağçadan qayıdan oğlum bir gün məndən soruşdu: "Ata, biz niyə kəndimizə getmirik?"

Həmişə süfrəmizin qırıntılarına şərik olan ermənilərin Qarabağı işğal etdiyini deməyə dilim gəlmədi...

Şahin böyüdükcə verdiyi naqolay sualların da sayı artdı. O danışdıqca, mən susdum...

Bu da dəqiq yadımdadır. Uzun illər əvvəl Lent.az saytı üçün "Məni pərt edən suallar" adlı məqalə yazmışdım. Yox, oğlumun naqolay suallarından şikayətlənməmişdim. Mən günahı başqalarının üstünə atan məsuliyyətsiz adamlardan deyiləm. Əksinə, təhsil ardınca xaricə getdiyim üçün Qarabağın müdafiəsində iştirak etmədiyimə görə özümü günahlandırmışdım...

Balalarımız günahlarımızı qanları ilə yudu. Onlar canları bahasına da olsa, bu dünyadan yurd niskili ilə köçməyimizə imkan vermədilər. Onlar başımızı uca, alnımızı ağ etdilər.

Hər gün Qarabağa köç karvanı yola düşür. Uzun illər Bakıda, Şəkidə, ölkənin dörd bir tərəfində məskunlaşan insanlar dövlət proqramına uyğun olaraq öz şəhərlərinə, kəndlərinə köçürlər. Hər gün bir evin çırağı yanır, hər gün bir pəncərədən ətrafa işıq düşür...

İndi heç bir qarabağlı uşaq tətil vaxtı kəndə babasının, nənəsinin yanına gedən sinif yoldaşına həsəd aparmır. Ali Baş Komandanın qətiyyəti, şəhidlərimizin, qazilərimizin, zabit və əsgərlərimizin şücaəti sayəsində indi heç bir ata uşağının naqolay sualları qarşısında pərt olmur. İndi ermənilər Qarabağ kətəsini azərbaycanliların süfrəsində görüb ağızlarının suyunu axıdırlar.

...Qərib müəllim zəng etmişdi, Soltanlıda günəş doğub.

Bu gün soltanlılardan ibarət daha bir karvan gün çıxan tərəfə yön alıb...

Hicran, həsrət yaraları vüsal məlhəmi ilə şəfa tapır...

Seymur Verdizadə