“Qalatasaray”da milli komandaların oyunları zamanı yaşanan zədələr baş məşqçi Okan Buruku narahat edib.

Metbuat.az “Haber Global”a istinadən xəbər verir ki, Türkiyə təmsilçisinin hücumçuları Viktor Osimhen və Rafael Leonun müalicəsi davam edərkən daha dörd futbolçunun zədələnməsi ilə bağlı xəbərlər yayılıb. Bildirilir ki, “Qalatasaray” noyabrın 21-də Super Liqanın 12-ci turunda “Samsunspor”u qəbul edəcək. “Rams Park”ın ot örtüyünün yenilənməsi səbəbindən qarşılaşma Başakşehir Fatih Terim stadionunda keçiriləcək. Milli komandaların düşərgəsində zədələnən futbolçulardan biri Uğurcan Çakırdır. Türkiyə millisinin Belçika ilə matçında qapını qoruyan təcrübəli qolkiper Fransa ilə görüşdə zədəsinə görə meydana çıxa bilməyib. Onun “Samsunspor”la qarşılaşmada oynaması gözlənilmir.

Məlumata görə, Kolumbiya millisinin heyətində Çili ilə qarşılaşan Davinson Sançes isə 24-cü dəqiqədə zədələnərək oyunu tərk edib. Müdafiəçi meydanı ehtiyat tədbiri olaraq tərk etdiyini və həkimlə məsləhətləşdiyini açıqlayıb.

Roland Sallai də Macarıstan millisinin Şimali İrlandiya ilə oyunu öncəsi isinmə hərəkətləri zamanı zədələnərək start heyətindən çıxarılıb.

“Qalatasaray”ın digər futbolçusu Aleksey Batrakov isə Rusiyanın Venesuela ilə yoxlama matçında zədələnib. Gənc oyunçu 70-ci dəqiqədə əvəzlənib.

Foto: “Anadolu Ajansı”