Bəzi insanlar var ki, onların adı təkcə sənətləri ilə deyil, illərdir rəhbərlik etdikləri müəssisənin tarixi ilə də qoşa çəkilir. Belə sənətkarlardan biri də görkəmli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəylidir. O, düz 35 ildir ki, Azərbaycanın əsas musiqi təhsil ocaqlarından birinə - Bakı Musiqi Akademiyasına rəhbərlik edir.

Metbuat.az xəbər verir ki, Fərhad Bədəlbəylinin rektorluq fəaliyyəti 1991-ci ildən başlayır. Bu tarix ölkəmizin müstəqillik ərəfəsində olduğu, cəmiyyətin ciddi siyasi və iqtisadi sarsıntılar yaşadığı mürəkkəb bir dövrə təsadüf edir. Maraqlıdır ki, sənətkar həmin illərdə xarici ölkələrdə yaşamaq üçün təkliflər aldığını, lakin vətənini tərk etməyi düşünmədiyini sonralar müsahibələrində də dilə gətirib. Onun sözlərinə görə, ən çətin günlərdə ölkəni tərk etmək istəməyib.

Görkəmli rejissor Şəmsi Bədəlbəylinin ailəsində dünyaya gələn sənətkar uşaqlıqdan incəsənət mühitində böyüyüb. Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, Azərbaycan Dövlət Konservatoriyasını və Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirib. 1967-ci ildə Praqada, bir il sonra isə Portuqaliyada beynəlxalq piano müsabiqələrində qazandığı uğurlar onun adını ölkə hüdudlarından kənarda da tanıdıb.

Lakin onun fəaliyyətini yalnız səhnə və konsert salonları ilə məhdudlaşdırmaq olmaz. Şöhrət, İstiqlal və Şərəf ordenləri ilə təltif edilmiş Fərhad Bədəlbəyli uzun illərdir həm də gənc musiqiçilərin yetişməsinə, milli ifaçılıq məktəbinin yaşadılmasına çalışır. Onun yetirmələri arasında beynəlxalq müsabiqələrin laureatları və tanınmış sənətçilər var.

78 yaşlı Fərhad Bədəlbəylinin rektorluq fəaliyyəti Azərbaycanın müstəqillik tarixini tam əhatə edir. Bu illər ərzində Bakı Musiqi Akademiyası müxtəlif mərhələlərdən keçib, ölkənin musiqi təhsilində baş verən dəyişikliklərə uyğunlaşıb. 35 ildir davam edən bu dövr həm sənətkarın şəxsi bioqrafiyasının, həm də Akademiyanın tarixinin mühüm bir hissəsidir.

Nazim Hüseynzadə / Metbuat.az