Almaniya Rusiyanın ilin sonunadək orbitə nüvə başlığı daşıya bilən peyk çıxarmaq planı ilə bağlı NATO müttəfiqlərinə xəbərdarlıq edib.
Metbuat.az xəbər verir ki, Almaniya ordusu və Federal Kəşfiyyat Xidməti tərəfindən paylaşılan məlumatlara görə, bu addım Yerə yaxın orbitdə fəaliyyət göstərən minlərlə peyk üçün ciddi təhlükə yarada bilər. NDR, WDR və “Süddeutsche Zeitung” nəşrlərinin məlumatına görə, “Sputnik-S” adlandırılan peyk bir neçə il əvvəl yığılıb və hazırda Moskvada buraxılış üçün gözləyir.
Almaniya Kiberməkan və İnformasiya Məkanı Komandanlığının general-mayoru Armin Fleyşman Berlinin bu təhlükəyə qarşı xüsusi kosmik müdafiə imkanları hazırlaya biləcəyini bildirib. Rusiya səfirliyi isə kosmik fəaliyyətlərlə bağlı irəli sürülən iddiaları əsassız və təbliğat xarakterli adlandıraraq rədd edib.
Qeyd edək ki, ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin ötən ay açıqladığı hesabatda da Moskvanın nüvə silahı daşımaq üçün nəzərdə tutulan peyk hazırladığı qeyd olunub. Hesabatda belə bir sistemin rabitə, naviqasiya, meteorologiya və milli təhlükəsizlik sahələrində istifadə edilən minlərlə peykin fəaliyyətini poza biləcəyi vurğulanıb.