FIFA 2031 və 2035-ci illərdə keçiriləcək qadınlar arasında dünya çempionatlarının ev sahiblərini rəsmən müəyyənləşdirib.

Metbuat.az xəbər verir ki, qurumun üzv federasiyalarının baş tutan toplantısında hər iki turnirin təşkili ilə bağlı müraciətlər təsdiqlənib. Məlumata görə, 2031-ci ildəki mundial ABŞ, Meksika, Kosta-Rika və Yamaykanın birgə ev sahibliyi ilə keçiriləcək. 2035-ci il dünya çempionatını isə İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Uelsin daxil olduğu Böyük Britaniya təşkil edəcək.

FIFA prezidenti Canni İnfantino 2031-ci il turnirinin qadın futbolunun inkişafında mühüm mərhələ olacağını bildirib. Bildirilir ki, həmin yarış tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə dörd ölkədə təşkil ediləcək.

Qeyd edək ki, növbəti qadınlar arasında dünya çempionatı 2027-ci il iyunun 24-dən iyulun 25-dək Braziliyada keçiriləcək. 32 komandanın mübarizə aparacağı turnirin final qarşılaşması Rio-de-Janeyrodakı “Marakana” stadionunda baş tutacaq.