Hindistanda Jadav Payenq adlı şəxs onilliklər ərzində təkbaşına apardığı ağacəkmə fəaliyyəti nəticəsində demək olar ki, yaşıllığını itirmiş ada geniş meşəlik əraziyə çevrilib.
Metbuat.az “Sözçü” qəzetinə istinadən xəbər verir ki, onun səyləri ilə yaranan bu təbiət möcüzəsi hazırda Molai meşəsi adı ilə tanınır. Məlumata görə, ərazi dünyanın diqqətçəkən ekoloji bərpa nümunələrindən biri hesab olunur. Bildirilir ki, Assam ştatında yaşayan Payenq 1970-ci illərin sonlarında Brahmaputra çayının sahilində, tez-tez daşqınlara məruz qalan adada ağac əkməyə başlayıb. O, bölgədə bitki örtüyünün sürətlə yoxa çıxdığını görərək ərazini öz imkanları hesabına yaşıllaşdırmaq qərarına gəlib.
Xəbərdə deyilir ki, bu iş heç bir böyük layihənin və ya dövlət dəstəyinin hesabına həyata keçirilməyib. Payenq illər ərzində yeni tinglər əkməklə yanaşı, onların böyüməsinə nəzarət edib, gənc ağacları daşqınlardan və digər təbii təsirlərdən qoruyub. Onun kiçik ərazidə başlatdığı təşəbbüs zamanla geniş meşə massivinin yaranması ilə nəticələnib.
Məlumata görə, ağacların artması adanın ekoloji vəziyyətinə də müsbət təsir göstərib. Bitki örtüyü torpaqda nəmin saxlanmasına və eroziyanın azalmasına kömək edib. Yaranan yaşıllıq müxtəlif heyvan növləri üçün qidalanma və sığınacaq məkanına çevrilib.