Gün ərzində uzun müddət oturmaq əvəzinə qısa yürüş fasilələri vermək qan şəkərinin tənzimlənməsinə daha müsbət təsir göstərə bilər.

Metbuat.az xəbər verir ki, ABŞ-nin Kolorado Universitetinin rəhbərliyi ilə aparılan və noyabrın 18-də “Obesity” jurnalında dərc olunan araşdırmada 30 nəfər altı həftə ərzində müşahidə edilib.

Tədqiqat iştirakçıları iki qrupa bölünüb. Birinci qrup gündə 45 dəqiqə fasiləsiz gəzib, ikinci qrup isə həmin müddəti gün ərzində təxminən 5 dəqiqəlik yürüşlərə bölüb. Hər iki qrup həftədə beş gün eyni müddətdə fiziki aktivlik göstərib.

Nəticələrə görə, qısa yürüşlər edən qrupda qan şəkərinin müəyyən edilmiş hədəf aralığında qalma müddəti 82 faizdən 94 faizə yüksəlib. Fasiləsiz 45 dəqiqə gəzən qrupda isə bu göstərici 89 faizdən 80 faizə enib.

Alimlər hesab edirlər ki, qısa yürüşlər zamanı əzələlərin mütəmadi işləməsi qlükozanın enerji kimi istifadəsini artıraraq qan şəkərinin daha sabit qalmasına kömək edə bilər.

Bununla belə, tədqiqat uzun yürüşlərin faydasız olduğunu göstərmir. İnsulin həssaslığında hər iki qrup üzrə ciddi yaxşılaşma qeydə alınmayıb.

Tədqiqat cəmi 30 nəfəri əhatə etdiyindən nəticələrin bütün insanlara şamil edilməsi üçün daha geniş araşdırmalara ehtiyac var. Alimlər xüsusilə masa arxasında uzun müddət çalışan şəxslərə gün ərzində hərəkət fasilələri verməyin faydalı ola biləcəyini vurğulayırlar.