Ət və yumurtaya alternativ axtaranların diqqətini çəkən qida məhsulu son günlər maraq doğurub. Həm zəngin qida tərkibi, həm də ətə bənzər dadı ilə seçilən bu məhsul mətbəxlərdə getdikcə daha çox istifadə olunur.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, söhbət istridyə göbələyindən gedir. Qırmızı ət və yumurtaya alternativ kimi təqdim olunan bu göbələk növü qida dəyəri və asan yetişdirilməsi ilə fərqlənir.

Məlumata görə, istridyə göbələyi ətdən 10, yumurtadan 25 dəfə çox protein tərkibinə malikdir. Onun B və C vitaminləri, dəmir və kaliumla zəngin olduğu bildirilir.

Bu göbələk növünün populyarlığını artıran əsas xüsusiyyətlərdən biri də dadıdır. Yüngül quruluşu və ətə bənzər teksturası onu xüsusilə manqal və qızartma yeməkləri üçün əlverişli alternativə çevirir. İstridyə göbələyi həmçinin müxtəlif yeməklərdə istifadə oluna bilir.

Məhsulun digər üstünlüyü isə yetişdirilməsinin nisbətən asan olmasıdır. Müxtəlif iqlim və mühit şəraitinə uyğunlaşa bilən göbələyi həm xüsusi istixanalarda, həm də ev şəraitində yetişdirmək mümkündür.

Qeyd edək ki, istridyə göbələyi xüsusilə vegetarian və vegan qidalanmaya üstünlük verənlər arasında da geniş istifadə olunur.