Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin foto və videolarını montaj edərək sosial şəbəkələrdə yayan, həmin materialların silinməsi müqabilində onlardan pul tələb edən şəxsi saxlayıblar.
Metbuat.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 25 yaşlı İlkin Nəhmədov saxlanılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs "TikTok" və "Instagram" sosial şəbəkələrindən tələbələrə məxsus foto və videoları əldə edərək süni intellekt proqramları vasitəsilə montaj edib. O, görüntülərə təhqiramiz və rüsvayedici ifadələr əlavə etdikdən sonra onları yaratdığı saxta sosial şəbəkə hesablarında paylaşıb.
Daha sonra həmin materialların silinməsi müqabilində tələbələrdən pul tələb edib.
Faktla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.