Xərçəng xəstələrinin müalicəsində yeni texnologiyaların tətbiqi istiqamətində mühüm yenilik əldə olunub. Türkiyədə hazırlanan yerli genetik testlər sayəsində xəstəliyin erkən mərhələdə müəyyənləşdirilməsi və hər pasiyent üçün fərdi müalicə planının hazırlanması mümkün olacaq.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə Sağlamlıq İnstitutları Rəhbərliyi (TÜSEB) tərəfindən hazırlanmış HerediTR və OncoTR adlı testlər xərçənglə mübarizədə yeni imkanlar yaradacaq.

HerediTR testi 34 gen üzrə araşdırma apararaq 15 fərqli xərçəng növünə yoluxma riskini əvvəlcədən müəyyənləşdirməyə imkan verir. Bununla həkimlər risk qrupunda olan şəxslərə vaxtında profilaktik tədbirlər tövsiyə edə biləcəklər.

OncoTR testi isə şiş toxumasındakı 690 fərqli genetik bölgəni analiz edərək xəstənin hansı müalicə üsulundan daha çox fayda görəcəyini müəyyənləşdirməyə kömək edir. Nəticələr əsasında immunoterapiya və hədəfli dərman müalicəsi kimi üsullar fərdi qaydada seçilə biləcək.

Mütəxəssislərin sözlərinə görə, bu yanaşma müalicənin effektivliyini artırmaqla yanaşı, yan təsirləri də azaldacaq.

Testlərin 2027-ci ilin ilk yarısında, ilk növbədə şəhər xəstəxanalarında istifadəyə verilməsi planlaşdırılır.