Bir xalqın uzunmüddətli birliyini yalnız qanunlar, sərhədlər və siyasi institutlar təmin etmir. Cəmiyyətin daxilində onu birləşdirən, fərqli baxışları ortaq məqsədlərə yönəldən və gələcəyə dair təsəvvür formalaşdıran ideyaya da ehtiyac var.

Milli ideya xalqın özünə verdiyi cavabdır: kimik, hansı dəyərlərə söykənirik və gələcəyimizi necə qurmaq istəyirik? Azərbaycançılıq bu suallara milli kimlik, dövlətçilik, ortaq Vətən və həmrəylik müstəvisində cavab verən, Azərbaycan cəmiyyətinin birliyini mənəvi və ideoloji baxımdan möhkəmləndirən məfkurədir.

Azərbaycançılıq ideologiyasının əhəmiyyəti ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bildirib ki, Azərbaycançılıq milli kimliyin, dilin, tarixi köklərin və mədəni irsin qorunmasında mühüm rol oynayır.

Azərbaycançılıq ideyası milli birliyin və dövlətçiliyin əsas dayağıdır -

Fotoda: millət vəkili Naqif Həmzəyev

Naqif Həmzəyev vurğulayıb ki, bu ideologiyanın müstəqil Azərbaycanın milli ideyası kimi sistemli şəkildə formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır:

“Azərbaycançılıq yalnız etnik mənsubiyyət anlayışı deyil, ölkədə yaşayan bütün xalqları və etnik qrupları vahid Vətən və dövlət ətrafında birləşdirən ideyadır. Bu, bizim üçün yalnız şüar deyil. Bu, dilimizə, tariximizə, mədəniyyətimizə və torpağımıza bağlılıqdır. Eyni zamanda, bu ideya bizi etnik mənşəyindən asılı olmayaraq, bir bayraq altında birləşdirən ortaq vətəndaşlıq anlayışıdır. Azərbaycanın güclü tərəfi məhz bu birlikdədir”.

N.Həmzəyev bildirib ki, tarix ideya birliyi olmayan dövlətlərin çətin günlərdə ciddi sınaqlarla üzləşdiyini göstərir. Müstəqilliyin ilk illərində yaşanan çaxnaşmalar, torpaq itkiləri və parçalanmış cəmiyyət bunun acı nümunəsi olub:

“Ümummilli lider Heydər Əliyevin azərbaycançılığı dövlət siyasətinin əsasına qoyması ölkəni sabitliyə, xalqı birliyə qaytardı. Bu yol Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirildi və Qarabağ Zəfəri ilə ən yüksək nəticəsini verdi. Ölkə ərazi bütövlüyünü bərpa etdi, xalq isə öz gücünə inandı. Müasir dövrdə milli kimliyin qorunması yeni yanaşmalar tələb edir. İnformasiya məkanının sərhədsiz olduğu, mədəni təsirlərin gündəlik həyatın bir hissəsinə çevrildiyi şəraitdə milli dəyərlərin yaşadılması yalnız qadağalarla deyil, müasir və cəlbedici məzmunun yaradılması ilə mümkündür.

Dünya sürətlə dəyişir. İnformasiya məkanı sərhədsizdir, mədəni təsirlər hər gün telefon ekranlarımıza daxil olur. Belə şəraitdə milli kimliyi qorumaq yalnız qadağalarla yox, cazibədar və müasir məzmunla mümkündür. Gənc nəsil öz dilində maraqlı kino, musiqi, kitab və rəqəmsal məhsullar görməlidir. Məktəblərdə tarix quru faktlar yığını kimi yox, yaşanmış hekayə kimi öyrədilməlidir”.

N.Həmzəyev azərbaycançılığın yalnız keçmişə bağlı ideya kimi deyil, gələcəyə istiqamətlənən konsepsiya kimi inkişaf etdirilməsinin vacibliyini də vurğulayıb:

“Azərbaycançılıq geriyə baxan ideya olmamalıdır. O, gələcəyə də istiqamətlənməlidir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, köçkünlərin doğma yurda qayıdışı, dünya azərbaycanlılarının Vətənlə bağlılığı bu ideologiyanın yeni məzmununu formalaşdırır. Hər gənc özünü bu işin iştirakçısı hiss etdikdə milli ideya canlı qalır”.

Azərbaycançılıq məfkurəsi barədə Metbuat.az-ın suallarını cavablandıran millət vəkili Vüqar İskəndərov bildirib ki, qloballaşma şəraitində milli kimliyin qorunması, müasir inkişafla milli-mənəvi dəyərlərin uzlaşdırılması bu ideyanın əsas istiqamətlərindəndir.

Millət vəkili düşünür ki, Azərbaycançılıq etnik mənsubiyyətdən asılı olmayaraq, Azərbaycanı öz Vətəni hesab edən bütün vətəndaşları ortaq dövlətçilik, milli həmrəylik və gələcək ideyası ətrafında birləşdirən məfkurədir:

Azərbaycançılıq ideyası milli birliyin və dövlətçiliyin əsas dayağıdır -

Fotoda: millət vəkili Vüqar İskəndərov

“Azərbaycançılıq sadəcə milli mənsubiyyətin ifadəsi deyil, ortaq Vətən, vahid dövlətçilik düşüncəsi və ümumi gələcək ətrafında birləşmək fəlsəfəsidir. Bu ideya etnik və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanı öz Vətəni hesab edən bütün vətəndaşları birləşdirən mənəvi platformadır. Onun mahiyyətində milli həmrəylik, dövlətçilik, vətənpərvərlik və qarşılıqlı hörmət dayanır.

Ümummilli Lider Heydər Əliyevin sistemləşdirdiyi azərbaycançılıq məfkurəsi bu gün də milli birliyin və dövlətçilik düşüncəsinin mühüm ideoloji əsaslarından biridir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra azərbaycançılıq ideyası həm də qalib xalqın milli özünüdərkinin ifadəsi kimi yeni məzmun qazanıb. Dünyaya inteqrasiya milli köklərdən uzaqlaşmaq deyil, milli kimliyi qorumaqla beynəlxalq mühitə açılmaq kimi dəyərləndirilməlidir.

Мüasir olmaq milli kimlikdən uzaqlaşmaq demək deyil. Biz dünyaya inteqrasiya edərkən özümüzü itirməməli, əksinə, özümüz olaraq dünyaya açılmalıyıq. Milli köklərimiz inkişafımıza maneə deyil, onun mənəvi dayağı olmalıdır. Ana dilimizin, tariximizin, mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin qorunması elmi, texnoloji və intellektual inkişafla paralel aparılmalıdır”.

Millət vəkili azərbaycançılıq ideyasının gənc nəslə çatdırılmasında müasir kommunikasiya vasitələrinin və rəqəmsal platformaların roluna da diqqət çəkib:

“Azərbaycançılıq ideyasının gənc nəslə çatdırılmasında ənənəvi yanaşmalarla kifayətlənməməliyik. Bu günün gənci rəqəmsal dünyanın vətəndaşıdır. Ona milli dəyərləri müasir kommunikasiya vasitələri, keyfiyyətli filmlər, rəqəmsal platformalar, interaktiv təhsil və mədəni layihələr vasitəsilə çatdırmaq mümkündür. Ailə, məktəb, media və mədəniyyət institutları bu istiqamətdə əlaqəli fəaliyyət göstərməlidirlər. Vətənpərvərlik yalnız söz və şüarlarla deyil, gündəlik davranış, təhsil, peşəkarlıq, qanunlara hörmət və ictimai məsuliyyətlə də ifadə olunmalıdır. Gənclər milli kimliklərini dərk etməklə yanaşı, fərqli mədəniyyətlərə hörmət etməyi, sərbəst düşünməyi və dünyada baş verən prosesləri düzgün qiymətləndirməyi də bacarmalıdırlar”.

Vüqar İskəndərov qeyd edib ki, azərbaycançılıq yalnız keçmişdən gələn mənəvi miras deyil, eyni zamanda, gələcəyin formalaşmasına istiqamət verən düşüncə sistemidir. Bu ideyanın əsas məqsədi milli kimliyinə bağlı, müasir düşüncəli, dünyaya açıq və məsuliyyətli vətəndaşların yetişdirilməsidir.

Beləliklə, azərbaycançılıq yalnız milli keçmişin və mənəvi irsin qorunması deyil, həm də ortaq gələcəyin qurulması ideyasıdır. Milli kimlik, dövlətçilik və həmrəylik prinsiplərini özündə birləşdirən bu məfkurənin yaşadılması və yeni nəsillərə ötürülməsi Azərbaycanın gələcək inkişafının mühüm mənəvi dayaqlarından biridir.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “azərbaycançılıq ideyasının təbliği” mövzusu üzrə dərc olunub.

Azərbaycançılıq ideyası milli birliyin və dövlətçiliyin əsas dayağıdır -