“Azərbaycançılıq məfkurəsi bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Bu, sadəcə bir fikir deyil, xalqımızın böyük əzab və əziyyətlər bahasına əldə etdiyi tarixi sərvətdir”.
Metbuat.az-ın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideologiyasının formalaşdırılması və inkişafında misilsiz xidmətlər göstərib. Bu ideologiyanın əsas prinsipləri dövlətçilik və milli-vətəndaş həmrəyliyidir.
Hicran Hüseynovanın sözlərinə görə, azərbaycançılıq ideyası mütərəqqi dünya dəyərlərini, etnik müxtəlifliyə hörməti və tolerantlığı təbliğ edir. Azərbaycanın inkişaf strategiyası da bu dəyərlər üzərində qurulub.
Komitə sədri qeyd edib ki, əsrlər boyu xalqı birləşdirən və qoruyub saxlayan milli-mənəvi dəyərlər bu gün də dövlətçiliyin əsas dayaqlarındandır. Qloballaşan dünyada həmin dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır.
“Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanın dövlətçiliyi möhkəm ideoloji əsaslara söykənir. Bu əsasların başında isə azərbaycançılıq dayanır”, - deyə o vurğulayıb.