ABŞ-nin şərq sahillərində qeyri-adi ekoloji layihə həyata keçirilib.

Metbuat.az “Sözçü” qəzetinə istinadən xəbər verir ki, Nyu-York metrosunda istismar müddətini başa vurmuş 2500-dən çox vaqon Atlantik okeanının dibinə yerləşdirilərək süni riflər yaradılıb. Layihə çərçivəsində köhnə vaqonlar xüsusi gəmilərlə bir müddət əvvəl okeanın müxtəlif ərazilərinə daşınıb. Məlumata görə, polad konstruksiyalar zamanla dəniz canlıları üçün əlverişli yaşayış məkanına çevrilib. Vaqonların metal səthlərini qısa müddətdə mərcanlar, midyələr və süngərlər örtərək yeni ekosistemin formalaşmasına şərait yaradıb. Araşdırmalar nəticəsində həmin ərazilərdə dəniz canlılarının biokütləsinin 400 dəfə artdığı müəyyən edilib.

Bildirilir ki, yaranan süni riflər müxtəlif balıq növləri və digər su canlıları üçün qidalanma, sığınacaq və çoxalma məkanına çevrilib. Layihə bölgədə kommersiya balıqçılığının inkişafına, eləcə də dalğıc turizminin canlanmasına töhfə verib.