Azərbaycanda elə rəhbər vəzifələr var ki, həmin postlarda çalışan şəxslər bir neçə ildən sonra dəyişir, bəziləri isə uzun müddət fəaliyyətini davam etdirir. Belə şəxslərdən biri də Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovadır. O, artıq 26 ilə yaxındır ki, bu ali təhsil müəssisəsinə rəhbərlik edir.
Metbuat.az xəbər verir ki, Gülçöhrə Məmmədova 2000-ci ildə universitetin rektoru təyin olunub. O, ölkənin ali təhsil sistemində ən uzunmüddətli rəhbərlik edən şəxslərdən biridir.
Maraqlıdır ki, Məmmədovanın universitetlə əlaqəsi rektor təyinatından xeyli əvvəl başlayıb. O, 1976-cı ildə həmin ali məktəbin memarlıq fakültəsini bitirib, 1979-cu ildən burada müəllim kimi fəaliyyət göstərib. Sonrakı illərdə assistent, baş müəllim, dosent və professor vəzifələrində çalışıb. Elmi fəaliyyəti əsasən Qafqaz Albaniyasının memarlığı və Azərbaycan ərazisindəki tarixi memarlıq abidələrinin tədqiqi ilə bağlıdır.
Gülçöhrə Məmmədova 2000-2005-ci illərdə Milli Məclisin deputatı da olub. Daha sonra 2010-2015-ci illərdə parlamentdə yenidən təmsil olunub.
2006-cı ildə ona “Əməkdar memar” fəxri adı verilib, 2013-cü ildə “Şöhrət”, 2025-ci ildə isə “Şərəf” ordeni ilə təltif edilib.
Xanım professorun rəhbərlik fəaliyyəti artıq dörddəbir əsri geridə qoyub. Bu müddətdə universitetin adı, strukturu və təhsil mühiti müxtəlif dəyişikliklərə məruz qalıb, rektor vəzifəsində isə Gülçöhrə Məmmədova fəaliyyətini davam etdirib.
Qeyd edək ki, ali təhsil sistemində daha uzun müddət vəzifədə olan rektorlardan biri də Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylidir. O, 1991-ci ildən bu vəzifədədir.