“Müasir dövrdə cəmiyyətin tərəqqisi insan hüquqlarına hörmətin, sosial ədalətin, bərabər imkanların və müxtəlif mədəniyyətlərə qarşı tolerant münasibətin təmin olunması ilə sıx bağlıdır. Bu dəyərlərin qorunması və inkişaf etdirilməsində qadınların rolu xüsusi əhəmiyyət daşıyır”.
Metbuat.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən konfransda açılış nitqində deyib.
O bildirib ki, qadınların təhsildə, elmdə, iqtisadiyyatda və dövlət idarəçiliyində iştirakı cəmiyyətin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycanın bu sahədə zəngin tarixi təcrübəsinə toxunan komitə sədri Şərqdə dünyəvi qız məktəbinin yaradılmasını xatırladıb.
Bahar Muradova qeyd edib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti də qadınların ictimai fəallığının və bərabər imkanlarının genişləndirilməsinə xidmət edir.
O, qadınların dövlət qurumlarında, seçkili orqanlarda, siyasi partiyalarda, vətəndaş cəmiyyəti institutlarında, məhkəmə-hüquq sistemində və mediada təmsilçiliyinin artdığını bildirib.
Komitə sədri qadınların əmək potensialının üzə çıxarılması, məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. 2021-ci ildə başladılan qızların təhsilinə dəstək proqramının genişlənməsinə də toxunub.
“Bu layihə cəmiyyətin təhsilə, xüsusilə qadınların təhsilinə verdiyi diqqətin və dəyərin bariz nümunəsidir”, - deyə o bildirib.