İngiltərədə aparılan yeni araşdırma gənc kişilərin ailədaxili rollar və qərarvermə ilə bağlı baxışlarında maraqlı tendensiya üzə çıxarıb. Məlum olub ki, Z nəslinə mənsub kişilərin bir qismi ailədə son sözün kişiyə məxsus olmasını dəstəkləyir və bu mövqedə yaşlı nəsildən daha ənənəvi düşünür.
Metbuat.az xəbər verir ki, “King's College London” nəzdində fəaliyyət göstərən Qlobal Qadın Liderliyi İnstitutunun apardığı araşdırma 1001 nəfərin iştirak etdiyi onlayn sorğunun nəticələrinə əsaslanır. İştirakçılar arasında 16-29 yaşlı 200-dən çox Z nəsli nümayəndəsi də olub.
Araşdırmaya görə, Z nəslinə mənsub kişilərin təxminən 30 faizi ailədaxili qərarlarda son sözün ər tərəfindən deyilməli olduğunu düşünür. 62-80 yaşlı “Baby Boomers” nəslinin nümayəndələri arasında isə bu fikri dəstəkləyənlərin payı 21 faizdir.
Gənc qadınlar arasında həmin mövqeyi bölüşənlərin göstəricisi daha aşağıdır. Z nəslindən olan qadınların cəmi 13 faizi ailədaxili qərarlarda kişinin sözünün üstün tutulmasını dəstəkləyir.
Ailə məsuliyyətlərinin bölüşdürülməsi ilə bağlı cavablarda da oxşar fərqlər müşahidə olunub. Gənc kişilər ailənin maddi təminatını kişinin, ev işlərini və ailə qayğılarını isə qadının üzərinə düşən vəzifə kimi görməyə daha meyillidirlər.
Tədqiqatçılar bu yanaşmanın səbəbləri arasında iqtisadi qeyri-müəyyənlikləri, iş təminatı ilə bağlı narahatlıqları və mənzil sahibi olmağın çətinləşməsini qeyd edirlər. Onların fikrincə, belə şəraitdə bəzi gənclər daha ənənəvi ailə modelini sabitlik mənbəyi kimi qəbul edə bilərlər.
Digər mümkün amillər sırasında sosial şəbəkələrdə ənənəvi kişi davranışlarını təbliğ edən qrupların və tanınmış şəxslərin təsiri də göstərilir.
Professor Heejung Chungun sözlərinə görə, sosial mediada yayılan sərt gender mövqeləri cəmiyyətdə ənənəvi düşüncələrin əslində olduğundan daha geniş yayıldığı təəssüratı yarada bilər. O, bu baxımdan “manosfera” adlandırılan, ənənəvi kişilik anlayışını müdafiə edən onlayn icmaların təsirinə diqqət çəkib.
Bununla belə, tədqiqat Z nəslinin bütün kişilərinin eyni mövqedə olduğunu göstərmir. Professor Chung vurğulayıb ki, gənc kişilərin öz aralarında da fərqli baxışlar mövcuddur və onların böyük əksəriyyəti gender bərabərliyini vacib hesab edir.
Alim gənc kişiləri bərabərlik müzakirələrinin qarşı tərəfi kimi deyil, bu prosesin tərəfdaşı kimi görməyin vacibliyini qeyd edib.