“Azərbaycan qadınlarının tolerantlıq ənənələrinin formalaşmasında böyük rolu var. Tarix boyu qadınlarımız müxtəlif dinlərə məxsus ibadətgahların tikintisinə və bərpasına dəstək göstəriblər”.

Metbuat.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Gündüz İsmayılov “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, tədbirin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil olunması da təsadüfi deyil. Konfransın əsas məqsədi tolerant dəyərlərin formalaşması və təbliğində qadınların rolunu gücləndirməkdir.

Gündüz İsmayılov tarixi nümunə kimi Nabat xanım Aşurbəyovanın şəxsi vəsaiti hesabına Təzəpir məscidini inşa etdirməsini xatırladıb. O, Arxangel Mixail kilsəsinin təmiri zamanı müsəlman qadınların öz zinət əşyalarını ianə etdiklərini də diqqətə çatdırıb. Həmin qadınlar bu addımlarını “Tanrının evi yanmış şəhərə bədbəxtlik üz verə bilər” fikri ilə izah ediblər.

Komitə sədri bu tarixi nümunələrin Azərbaycan qadınlarının multikultural dəyərlərin qorunmasındakı rolunu göstərdiyini vurğulayıb:

“Bu faktlar Azərbaycan qadınlarının tolerantlıq ənənələrinin qorunması, yaşadılması və inkişafında mühüm rol oynadığını bir daha təsdiqləyir”.