“Beşiktaş”ın Cənubi Koreyalı hücumçusu Hyeon-gyu Oh komandadan ayrıla bilər.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin "Sözcü" nəşri məlumat yayıb.
Bildirilib ki, Rusiyanın “Spartak” klubu 24 yaşlı futbolçunun transferində maraqlıdır. Moskva təmsilçisinin qış transfer pəncərəsində İstanbul klubuna rəsmi təklif göndərməyə hazırlaşdığı qeyd olunur.
“Beşiktaş” rəhbərliyi isə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədə olan hücumçunu asanlıqla buraxmaq niyyətində deyil. Türkiyə klubunun Ohun transferi ilə bağlı mövqeyi də bəllidir. Belə ki, İstanbul təmsilçisi futbolçu üçün ən azı 30 milyon avroluq təklifləri nəzərdən keçirməyə hazırdır. İngiltərə Premyer Liqası klublarının da cənubi koreyalı forvardı izlədiyinə dair məlumatlar var.
Qeyd edək ki, “Beşiktaş” Hyeon-gyu Ohu ötən mövsümün qış transfer pəncərəsində Belçikanın “Genk” klubundan 14 milyon avroya transfer edib. Hücumçu İstanbul təmsilçisinin heyətində keçirdiyi 16 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.