Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasından 15 il ötür.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il noyabrın 29-da imzaladığı Fərmanla SOCAR-ın strukturunda yaradılan Ali Məktəb qısa müddətdə ölkənin aparıcı ali təhsil müəssisələrindən birinə çevrilib.

Yarandığı ilk ildən etibarən yüksək bal toplayan abituriyentlərin seçimi olan BANM bu gün də tələbə qəbulu üzrə əldə etdiyi nəticələrlə diqqət çəkir. BANM 7-ci dəfə Prezident təqaüdçülərinin sayına görə ölkə üzrə lider ali təhsil müəssisəsi adını qoruyub.

Fəaliyyətə başladığı ilk tədris ilində BANM-ə cəmi 100 tələbə qəbulu həyata keçirilib. Hazırda isə Ali Məktəbdə 2500-ə yaxın tələbə təhsil alır. İlk illərdə iki ixtisas üzrə tələbə qəbulu aparılırdısa, bu gün bakalavriat səviyyəsində 9 ixtisas, magistratura səviyyəsində 8 ixtisaslaşma və doktorantura səviyyəsində 5 proqram üzrə qəbul həyata keçirilir.

Ali Məktəbin Prezident təqaüdçülərinin ümumi sayı 368, məzunlarının sayı isə 2000-dən çoxdur. BANM məzunları bu gün ölkəmizin və dünyanın nüfuzlu şirkət və müəssisələrində uğurla fəaliyyət göstərirlər.

Yerli tələbələrlə yanaşı, əcnəbi tələbələrin də BANM-ə marağı ildən-ilə artır. Hazırda Ali Məktəbdə 32 ölkəni təmsil edən 200-ə yaxın xarici tələbə təhsil alır.

BANM-in professor-müəllim heyətinin elmi fəaliyyətinin nəticəsi olaraq bu günədək 150-yə yaxın elmi əsər “Scopus” və “Web of Science” beynəlxalq elmi məlumat bazalarında indeksləşdirilib.

BANM beynəlxalq reytinq və akkreditasiya sahəsində də mühüm nailiyyətlər əldə edib. Azərbaycan universitetləri arasında ilk dəfə olaraq BANM-in 11 təhsil proqramı Almaniyanın nüfuzlu akkreditasiya agentliyi ASIIN tərəfindən beynəlxalq akkreditasiyadan keçib. Həmin proqramlardan 7-si mühəndislik üzrə beynəlxalq keyfiyyət göstəricisi olan EUR-ACE keyfiyyət nişanına layiq görülüb.

“Times Higher Education (THE) Impact Rankings” reytinqində iştirakının cəmi ikinci ilində əhəmiyyətli irəliləyiş əldə edən BANM dünyanın aparıcı ali təhsil müəssisələri arasında 401–600-cü yerlər diapazonunda qərarlaşıb.

Bundan əlavə, Ali Məktəb institusional akkreditasiyadan da uğurla keçərək növbəti 5 il müddətinə akkreditasiya olunub.